1 9 9 8 / səhifə 2
Səhifələr : 1 2 3 4 5 6 7 8
"SƏN HƏMİŞƏ BİZİMLƏSƏN"
"Azərbaycanfilm" kinostudiyasının "Yaddaş" sənədli filmlər studiyasında xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş "Sən həmişə bizimləsən" adlı yeni sənədli filmin istehsalı başa çatmaq üzrədir. Kinorejissor Cəmil Fərəcov öz yeni işi haqqında deyir:
- Böyük yazıçı-dramaturq İlyas Əfəndiyev hər birimiz üçün əziz və doğmadır. Onun haqqında həmkarlarım 1985-ci ildə sənədli film çəkmişlər. Ancaq nəsrimizin və dramaturgiyamızın bu görkəmli xadiminin yaradıcılığının hələ öyrənilməli çox tərəfləri var. Yəqin ki, bu, gələcəkdə tədqiqatçıların işidir. Ancaq biz onun vəfatından sonra bir xatirə filmi çəkmək qərarına gəldik. Bizim filmdə İlyas Əfəndiyevin həyat və yaradıcılığına qismən toxunulur, görkəmli sənət adamları -- Həsən Turabov, Amalya Pənahova, Mərahim Fərzəlibəyov, Əliabbas Qədirov, alim Yaşar Qarayev və başqaları ürək sözlərini danışır, onun ailəsi, doğulduğu torpaq haqqında söhbət açılır. Bütün bunlarla yanaşı, biz arxiv materiallarından da istifadə etmişik. Ümumiyyətlə, istəyirik ki, bizim film onun haqqında tamaşaçıda layiq olduğu təəssüratı yaratsın."
("Kino" qəzeti, aprel 1998.)
* * *
"Mirvarid xanım, siz 30-cu illərdən başlayaraq Azərbaycan şerini, ədəbiyyatını inkişaf etdirən böyük və çox gözəl şairlər, yazıçılar dəstəsinin bu günlərə gəlib çatmış yeganə nümayəndəsisiniz. Bəli, bu 30-cu illər Azərbaycanda çox ağır illər idi. Azərbaycanda yeni şairlər, ədiblər, yazıçılar nəsli meydana gəlmişdi. Onlar gənc idilər, onlar Azərbaycan ədəbiyyat, şer ənənələrini davam etdirmək missiyasını öz çiyinlərinə götürmüşdülər.
Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Mirzə İbrahimov, Mehdi Hüseyn, Süleyman Rəhimov, Əli Vəliyev, İlyas Əfəndiyev, Mirvarid Dilbazi, Nigar Rəfibəyli -- sizlər və sizin həmkarlarınız o illər Azərbaycan ədəbiyyatını çiyinlərinizdə daşıyıb yüksəkliklərə qaldırmısınız. Siz bu gün bizim aramızda o nəslin yeganə nişanəsisiniz. Məhz buna görə də siz bizim üçün bütün başqa səbəblərlə yanaşı çox əzizsiniz."
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
(Xalq şairi Mirvarid Dilbazinin 85
illiyinə həsr olunmuş təntənəli
yubiley gecəsində söylədiyi nitqdən,
"Azərbaycan" qəzeti, 25 aprel 1998.)
* * *
"Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (1914 - 1996) lirik - psixoloji əsərlərində zəngin mənəviyyatlı müasirlərimizin dolğun bədii obrazlarını yaratmışdır.
"Sən həmişə mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər" və digər pyesləri dramaturgiyamızda ayrıca mərhələ təşkil edir və teatr sənətimizin inkişafında böyük rol oynamışdır."
("Zaman" qəzeti, 26-27 aparel 1998.)
* * *
"- Siz səhnədə bir çox maraqlı obrazlar yaratmısınız. Onların arasında sanalayıb-seçdiyiniz bir obraz varmı?
- Mən əqidə etibarı ilə türkçü-turançıyam. Qismətimə düşən obrazlara görə taleyimdən çox razıyam. Mən ruhən yaxınım olan A.M.Şərifzadə kimi bir şəxsiyyətin obrazını yaratmışam: görkəmli dramaturq İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşasında Ayaz Turan obrazını. İkincisi, mənim içimdə həmişə həqiqət axtaran ikinci bir Nurəddin olub. Səmimi qəlblə Vətənini sevən, sevgisində təmiz və sədaqətli, mübariz bir insan obrazını yaratmaq istəmişəm. Yenə də belə bir xoşbəxtliyi mənə mərhum İlyas müəllimin "Unuda bilmirəm" tamaşasında Kamran obrazı verib. Kamran obrazı taleyimdə də çox böyük rol oynayıb. Həyat yolumu işıqlandırıb, həyatda özümü tapmaqda mənə kömək edib."
Nurəddin Mehdixanlı
("Panorama" qəzeti, 29 aprel 1998.)
* * *
"İlyas Əfəndiyevin pyesləri tanınmış rejissorlardan Adil İsgəndərov, Əşrəf Quliyev, Əliheydər Ələkbərov, Tofiq Kazımov və Məraim Fərzəlibəyovun qurluşlarında maraqlı səhnə təcəssümü tapmışdır. Dramaturqun ən çox yaradıcılıq əlaqəsi saxladığı və əməkdaşlıq etdiyi istedadlı rejissor T. Kazımov olmuşdur. T. Kazımov dramaturqun "Atayevlər ailəsi" (1954), "Sən həmişə mənimləsən" (1964), "Unuda bilmirəm" (1968), "Məhv olmuş gündəliklər" (1969), "Bağlardan gələn səs" (1975) pyeslərinə quruluş vermişdir. Bu pyeslərdə qurluşçu rejissor obrazların psixoloji təhlilini ön plana çəkməklə əsas problemlərin aktyor oyunu vasitəsilə bədii-estetik mövqedən həll olunmasına nail olmuşdur.
... T. Kazımovun quruluş verdiyi bu pyeslər maraqla qarşılandı. "Sən həmişə mənimləsən" pyesinin böyük müvəffəqiyyətindən sonra bütün rayonlardan bu pyesin tamaşasına gəldilər. "Unuda bilmirəm" pyesi isə 450 dəfədən çox tamaşaya qoyuldu.
... Ölməz sənətkarımız İlyas Əfəndiyevlə Tofiq Kazımovun yaradıcılıq əlaqələri ölməz səhnə əsərlərinin əbədi yaşamaq xüsusiyyətini təmin etmişdir."
Mətanət Nəsirova
("Elm" qəzeti, aprel 1998.)
* * *
"Mənim ana nənəm Seyid Rübabə xanım nə qədər mülayim, üzügülər, namazının vaxtını keçirməyən bir adamıydısa, ata nənəm Bilqeyis xanım bir o qədər sərt, sərbəst, bolşeviklərin onlara etdiyi pislikləri (o pislikləri İlyas Əfəndiyev bir sıra əsərlərinə, xüsusən ömrünün son çağlarında yazdığı "Hacı Axundun cənnət bağı necə oldu?", "Çovğunlu bir qış günündə", "Orfey quyudan çıxandan sonra nə gördü..." adlı xatirə-esselərində qələmə alıb) bircə dəqiqə də olsun, yadından çıxarmayan, eyni zamanda, zəngin hissiyyata, mənəvi aləmə malik bir adam idi."
Elçin
("Qobustan" jurnalı, 1998, 2.)
* * *
"1969-cu ildə o zaman Akademik Teatrın baş rejissoru olan müəllimi, görkəmli rejissor Tofiq Kazımov sevimli tələbəsini (Fuad Poladovu) İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasına -- rəssam Savalan roluna dəvət edir. Bu obrazla Fuad ilk dərsi -- böyük səhnədə qorxuya qalib gəlmək dərsini keçir. O, məzh bu rolu oynayaraq səhnə mühitində tənha qalmamağı öyrəndi.
Belə bir müdrik həqiqət var: "Ya olduğun kimi görün, ya da göründüyün kimi ol." "Mahnı dağlarda qaldı" (İlyas Əfəndiyev) əsərində Rəhman obrazını yaradarkən (xüsusilə qulluqçu -- Vəfa Fətullayeva ilə öpüş səhnəsində) o, məhz bu həqiqəti təsdiq etdi.
... İlyas Əfəndiyevin "Qəribə oğlan" əsərindəki Valeh obrazı ilə Fuad lirik-komik sadəlik və həyatsevərliyi ifa etdi. "Kif atmış ənənələrlə yaşayanlar"a qarşı çıxaraq ehkamları dağıdan Valeh, təbiətən Fuada çox yaxın idi. Çünki o özü də bir şəxsiyyət və aktyor kimi novatorluq axtarışları, özünütəsdiq naminə ehkamları dağıtmaq yolunu intixab etmişdi."
Nizaməddin Şəmsizadə
("Panorama" qəzeti, 23 may 1998.)
* * *
"İkinci kursda oxuyanda (Fuad Poladov) böyük səhnədə baş rollardan birində oynamışdı. İlyas Əfəndiyevin həmin o "Məhv olmuş gündəliklər" pyesi Dram Teatrında yüzdən çox anşlaqla keçmişdi. Yeri gəlmişkən, iki cavan aktyorun -- Fuad Poladovla Vəfa Fətullayevanın dueti o illərin teatr tənqidinin çox mülayim münasibətilə qarşılaşmışdı. Hamı səhnəyə təzə nəfəsin gəldiyindən danışmışdı..."
Lalə Cəfərova
("Azadlıq" qəzeti, 23 may 1998.) * * *
"- Siz təxminən iyirmi beş-otuz il əvvəl İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesində çeçen əsgəri Rəhman surətini yaradanda həmin tamaşada baş rolları oynayan Həsən Turabov və Amalya Pənahova kimi aktyorlarla müqayisədə ikinci dərəcəli rollar oynayırdınız. Bu gün isə siz hamını geridə qoyaraq birinci dərəcəli teatr aktyoru imici qazanmısınız. Buna necə nail oldunuz?
- Əvvəla, mən o fikirlə razı deyiləm ki, o vaxtlar mən ikinci dərəcəli aktyor olmuşam. Sadəcə olaraq mən o vaxtlar teatra təzə gəlmişdim, adlarını çəkdiyiniz aktyorlar isə təxminən on illik səhnə təcrübəsi olan püxtələşmiş sənətkarlar idilər. "Mahnı dağlarda qaldı"dan əvvəl mən İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər"ində Savalan obrazını yaratmışam.
- Deyilənə görə bu tamaşada dörd aktyorun debütü olub?
- Yox, iki aktyorun -- Vəfa Fətullayevanın və mənim."
Fuad Poladov
("Ekspress" qəzeti, 23-25 may 1998.)
* * *
"Əliağa (Kürçaylı) həm özünə, həm də başqalarına qarşı tələbkarıydı. Səliqə-səhmanı, təmizliyi xoşlardı, kiməsə əyilməyi özünə sığışdırmazdı. İlyas Əfəndiyevi həmişə tərifləyirdi ki, qürurlu adamdı..."
Əliağa Gürçaylının həyat
yoldaşı Şəhla xanım.
("Rezonans" qəzeti, 3-5 iyun 1998.)
* * *
"- Həsənağa müəllim, deyəsən, kollektiv növbəti dəfə məqsədinə nail oldu,- deyə ("Hökmdar və qızı" tamaşasına baxdıqdan sonra) üzümüzü Azərbaycan Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri, xalq artisti, iki dəfə Dövlət mükafatı laureatı H.Turabova tuturuq.
- Onu tamaşaçılar daha yaxşı bilər. Təbii ki, biz teatrımıza üz tutanların inamını həmişə doğrultmağa çalışırıq. Bir də bu cür əsərlərə elə-belə yanaşmaq mümkün deyil. Əks təqdirdə bu, sənətə xəyanətimiz, İlyas Əfəndiyevin ruhu qarşısında bağışlanmaz səhvimiz olardı.
H.Turabov susur.
Akademik Teatrda ədibin 19 pyesi oynanıb. Tamaşaya qoyulan əsərlərin ilk tamaşaçısı, bəlkə də elə ilk rejissoru İlyas Əfəndiyevin özü olub. O, neçə il idi ki, Qarabağ xanlığından, onun görkəmli və təzadlı siyasi xadimi İbrahim xandan, onun ağıllı övladı Ağabəyim Ağadan bəhs edən pyes üzərində işləyirdi. "Hökmdar və qızı" faciəsinin tamaşası üstündə yarpaq kimi əsirdi. Arzusu bu idi ki, Akademik Teatr altı illik fasilədən sonra pərdələrini "Hökmdar və qızı" tamaşası ilə açsın. Teatrın bütün kollektivi başda olmaqla ustadın arzusuna çıraq tuturdu. Ancaq onu tanıyanların hamısının ürəyində bir göynərti qaldı ki, İlyas Əfəndiyev bu əsərin səhnə ömrünü görə bilmədi. Təsəllimiz odur ki, İlyas Əfəndiyevin nəfəsi, işıqlı siması hər gün, hər an və həmişə teatrın repertuarında, sənət axtarışlarında bizimlə birgə olacaq...
... Tamaşanın ideya-bədii dəyəri Azərbaycan üçün bu gün də ibrətamizdir, xalqın mübarizə əzminin istiqamətləndirilməsinə güclü təkan verə bilər."
Y.Vəliyev
("Super Market - Həftə", 5-11 iyun 1998.)
* * *
"YADDAŞ" "İLYAS ƏFƏNDİYEV"İ
YADDAŞLARA KÖÇÜRÜB
"Yaddaş" kinostudiyası görkəmli ədib İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında 3 hissəli sənədli filmin çəkilişini başa çatdırıb. Filmin ssenari müəllifi Mailə Muradxanlı, rejissoru Cəmil Fərəcovdur. "İlyas Əfəndiyev" filmində ədibin yaradıcılığı xronologiya şəklində təqdim olunur, tamaşalarından parçalar verilir, ədəbiyyatda tutduğu mövqe işıqlandırılır. Kinolentdə ədəbiyyatşünaslar, xalq artistləri və yazıçının qələm dostlarının xatirələrinə geniş yer verilib. Filmin premyerası iyun ayında olacaq.
("525-ci qəzet", 6 iyun 1998.)
* * *
"- ...Bir tamaşanı dəfələrlə oynamaqdan usanmıram. Təsəvvür eləyin, "Büllur sarayda" (İlyas Əfəndiyev) tamaşasında 600-dən artıq, "Sən həmişə mənimləsən"də (İlyas Əfəndiyev) 700 dəfə oynamışam.
- 700 dəfə Nargilə olub Həsənzadəyə vurulmaq...
- Sənətin mürəkkəbliyi də bundadı...
- Nargiləni oynayanda peşəkar deyildiz axı?
- Düzdü. O vaxtlar "Yeniyetmələr" adlı film gedirdi. Film mənə necə təsir eləmişdisə, özümə gələ bilmirdim.Filmin ruhu mənə o qədər yaxınıydı ki... Elə həmin vaxtlar İlyas Əfəndiyev də "Sən həmişə mənimləsən" əsərini yazdı. Nargiləni o filmin təsiri altında oynadım. "Yeniyetmələr" mənə Nargiləni kəşf etməkdə açar oldu. Gecə-gündüz bu qızın taleyi məni düşündürürdü. Çünki eyni yaşdaydıq. Onun problemi, hissləri mənə də yaxınıydı.
- Nargiləni belə duya-duya Həsənzadəyə gerçəkdən vurula bilərdiz...
- Yox, belə şey olmazdı. Həsənzadəni böyük sənətkarımız Əli Zeynalov oynayırdı. Məndən çox yaşlıydı. Həm də həyatda başqaydı. Ona görə də onu sevmək heç ağlıma da gəlməzdi. O mənimçün ancaq səhnədə Həsənzadə, həyatdasa Əli Zeynalov idi."
Amalya Pənahova
("Rezonans" qəzeti, 6-9 iyun 1998.)
* * *
"... Müxtəlif xarakterli rollar oynadım. İlyas Əfəndiyevin "Bizim qəribə taleyimiz" əsərindəki narkoman qız rolundan sonra, anladım ki, müxtəlif obrazları yarada bilərəm. Mənə görə, bu rolla yaradıcılığımın zirvəsinə qalxmışam."
Firəngiz Mütəllibova
("Xalq qəzeti", cümə əlavəsi, 19-25 iyun 1998.)
* * *
"- Son vaxtlar rejissor Mərahim Fərzəlibəyovun qoyduğu tamaşalarda oynayırsınız. Bəzi məlumatlara görə, deyəsən onunla bir vaxtlar münasibətləriniz o qədər də yaxşı olmayıb?
- Mərahimlə düz on il düşmən olmuşam. 90-cı ilə qədər o məni heç bir tamaşasına dəvət etməyib. Hətta aramızda salam-kalam da yox idi. O məni qəbul etmirdi. Bu, bəlkə də kənar şəxslərin fitvası nəticəsində yaranmış intiriqa idi. Deyə bilmərəm...
- Bəs bu qarşıdurma necə aradan götürüldü?
- İlyas Əfəndiyevin "Tənha iydə ağacı" tamaşası ilə aramızdakı soyuq münasibət götürüldü. Yeri gəlmişkən, onu da deyim ki, mənim həyatımda ən böyük dayaqlarımdan biri də İlyas müəllim olub. Onun həssas qəlbi, insanı duymaq, hiss etmək qabliyyəti mənə çox kömək edib. Həyatda, sənətdə ən çətin vaxtlarda mənə ürək-dirək verən, atalıq qayğısı göstərən də İlyas müəllim olub. İlyas müəllim öz əsərində Sürəyya rolunu mənə vermişdi... O tamaşadan sonra, Mərahimlə birgə işlərimizə körpü qoyuldu. İndi həm də yaxın dostuq."
Bəsti Cəfərova
("Panorama", 20 iyun 1998.)
* * *
"- Sevdiyiniz yazıçı?
"- İlyas Əfəndiyev..."
Mətanət İsgəndərli
("Yeni Azərbaycan" qəzeti, 23 iyun 1998.)
* * *
"- 89-cu ilin sonlarında Akademik Dram Teatrının truppası ilə birgə İstanbul Bələdiyyə Teatrında qastrol tamaşaları göstərirdik. Bizim bu səfərimiz gözəl Türkiyədə Azərbaycan teatr sənətinin ilk müjdəsiydi. Get-gəl sonralar çoxaldı. İlk dəfəydi türk sənətsevərləri azəri aktyorlarıyla canlı ünsiyyətdə olurdular. Mən də ölməz sənətkarımız İlyas Əfəndiyevin "Bizim qəribə taleyimiz" tamaşasında iştirak edirdim. Çıxışlarımız çox yüksək səviyyədə qarşılandı.
... Rejissorluq fakültəsinin 4-cü kurs tələbələri qış imtahan sesiyasında "Romeo və Cülyetta" tamaşasını hazırlamalı oldular. Məni də bu tamaşada iştirak etmək üçün dəvət etdilər. Elə Tofiq Kazımov da məni ilk dəfə Cülyetta rolunda gördü, imtahan-tamaşadan sonra, məni yanına çağırıb qəfildən belə bir sual verdi: "- Teatrda işləmək istəyirsən?" Tələbə üçün belə bir təklif bilirsiz də, nə deməkdir? Tez-tələsik cavab verdim: "Əlbəttə, istərdim, amma... kimdi məni?.." "- Elə isə, bir əsər göndərərəm, oxuyub fikrini deyərsən mənə."
Sabahı günü həmin əsəri çatdırdılar mənə. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesi idi. Özümü evə çatdırıb dönə-dönə oxudum, hər dəfə də ağlaya-ağlaya. Bilirsiz ki, pyesin qəhrəmanı 17-18 yaşlı gənc bir qızdır. Əsərdə atalıq qayğısı görməyən, ögey atanın da varlığını qəbul etməyən bu yeniyetmənin özündən 20-25 yaş böyük bir kişiyə olan yalqız məhəbbətindən bəhs edir.
... Beləliklə 1964-cü il noyabrın 14-15-də ilk tamaşa oldu. Sizi inandırım ki, İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşası Dram Teatrının həyatında, bütün teatr aləmində bir dönüş oldu... Bu tamaşa səhnəyə təbiilik, səmimilik gətirməsiylə bir sensasiya yaratdı.
Təsəvvür edin ki, axşam tamaşa oynanıldı, səhər artıq mən məşhur idim...
Tamaşanın uğurundan ruhlanan İlyas müəllim hər il yeni əsərlərlə truppamızı sevindirirdi. Və bu sevincdən mənə daha artıq pay düşürdü. Çünki mənim Nargilə obrazım İlyas müəllimdə elə xoş təəssürat oyatmışdı ki, çox zaman əsərin əsas qəhrəmanını məni nəzərdə tutaraq yaradırdı.
"Sən həmişə mənimləsən"dən sonra İlyas Əfəndiyevin çox tamaşalarında oynadım: "Büllur sarayda", "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan", "Şeyx Xiyabani" və s. "
Amalya Pənahova
("Qobustan" jurnalı, 1-2, 1998.)
Səhifələr : 1 2 3 4 5 6 7 8