1 9 9 8 / səhifə 6
Səhifələr : 1 2 3 4 5 6 7 8
"İLYAS ƏFƏNDİYEV YAD EDİLDİ
Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin xatirə gününə tanınmış sənət adamları, ədəbiyyat və incəsənət xadimləri yığışmışdı. Fəxri Xiyabanda keçirilən tədbirdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq artisti Həsənağa Turabov, rejissor Mərahim Fərzəlibəyov, sənətşünas İnqilab Kərimov və başqaları İlyas Əfəndiyev şəxsiyyətinin böyüklüyündən və yaradıcılığının bədii xüsusiyyətlərindən danışdılar, onunla bağlı xatirələrini söylədilər. Yazıçının ailəsi adından xalq yazıçısı Elçin atasının xatirəsini yad etdikləri üçün, mərasim iştirakçılarına öz minnətdarlığını bildirdi."
Sadıq Zamanoğlu
("Xalq qəzeti", 9 oktyabr 1998.)
* * *
"Türkiyəyə qastrola hazırlaşan Azərbaycan Milli Dram Teatrı səfər proqramına İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşasını da daxil edib. Bildiyimizə görə, pyesdə istedadlı aktrisa SƏfurə İbrahimovanın da rolu var. Ancaq nədənsə aktrisanın adı Türkiyəyə gedənlər
siyahısına düşməyib. Bunun səbəbini aktrisa açıqlamadı. S.İbrahimova dedi ki, ümumiyyətlə heç bir qəzet oxumur və müsahibə vermək də istəmir. Bizimlə heç cürə danışığa gəlməyən Səfurə xanım sadəcə "istəmirəm" deməklə kifayətləndi. Ancaq bilmədik, o, mediadan küsüb, yoxsa Dram Teatrından."
Məlahət
("Şərq" qəzeti, 13 oktyabr 1998.)
* * *
"İlyas Əfəndiyevin bədii nəsrində şəxsiyyətin fərdi xüsusiyyətlərini göstərmək, xarakterlərin özünəməxsusluğunu müəyyənləşdirmək, həyatın gedişində meydana çıxan insani və ictimai ziddiyyətlərin mahiyyətinin üzə çıxarılmasında fərdi münasibətlərin rolunu əsaslandırmaq, sübuta yetirmək kimi keyfiyyətlər ədəbiyyatımızda layiqincə qiymətləndirilmişdir."
İsmayıl Öməroğlu
(İnsan həyatda və sənətdə. Bakı, 1998,
səh. 106.)
* * *
"Hələ rejim illərində... İlyas Əfəndiyevin nəsr və dram əsərlərində Güney ağrısı, parçalanmış Azərbaycan yanğısı ifadə olunmuşdur."
Kamil Vəli Nərimanoğlu
("525-ci qəzet, 15 oktyabr 1998.)
* * *
"Fani dünya" adlı şer dərc edilmişdir. Həmin şerdə aşağıdakı misralar da vardır:
Hanı İlyas, səhnəmizin bər-bəzəyi?
Nurlu sənətkar ürəyi?..
Mirvarid Dilbazi
("Ədəbiyyat qəzeti", 16 oktyabr 1998.)
* * *
"Uzun illər dostluq etdiyim Əvəz Rəhmətovun 60 yaşını haqladığını eşidəndə, doğrusu, təəccübləndim. Sonra da böyük ədibimiz İlyas Əfəndiyevin sözlərini xatırladım: "Yaş faktdır, faktla da hesablaşmamaq olmaz."
Tofiq Bakıxanov
("Cümə" -- "Xalq qəzeti"nin əlavəsi,
6 - 22 oktyabr 1998.)
* * *
"Mən teatra gələndə çox gənc idim. Nəcibə xanımla (Məlikova) "Büllur sarayda" (İlyas Əfəndiyev) tamaşasında rastlaşdım. Biz tərəf-müqabil deyildik. O, fəhlə qadın Qönçəni, mən isə meşşan qız Laləni oynayırdım. Qönçənin kasıb, imkansız olmasına baxmayaraq Nəcibə xanım onu tamaşaçıya "cır-cındır" paltarda təqdim etmirdi. Dəbdəbəsiz, bir az da köhnə, ancaq səliqəli geyinirdi. O, bununla nəcib bir qadının səliqə-səhmanını nümayiş etdirirdi. Nəcibə xanımda xarakter bitginliyi var idi, çox cəsarətli idi."
Bəsti Cəfərova
("Ekspress" qəzeti, 20-21 oktyabr 1998.)
* * *
"- Vaqif müəllim, müsahibədən əvvəlki söhbətdə dediyiniz kimi, "Hökmdar və qızı" (İlyas Əfəndiyev) bədii filminin çəkilişinə milyon yarım dollar lazımdır...
- ... Amma bunu indiki şəraitdə adam dilinə gətirə bilməz. Görün nə qədər qaçqın var..."
Vaqif Mustafayev
("Panorama" qəzeti, 24 oktyabr 1998.)
* * *
"Hökmdar və qızı"nda (İlyas Əfəndiyev) Xan qızının taleyini yaşayan Bəsti Cəfərovanın fikrincə, əsl rejissor tamaşadan tamaşaya aktyor haqqında düşünməlidir."
("Ekspress" qəzeti, 24-26 oktyabr 1998.)
* * *
"İncikliyim "Hökmdar və qızı" (İlyas Əfəndiyev) tamaşası ilə bağlıdır. O rolum çox yaxşı qarşılandı. Hətta tamaşadan sonra söhbət gəzirdi ki, fəxri adlar verilsə, Bəsti Cəfərova o roluna görə birinci alacaq. Sözüm onda deyil, bu rolum "Dərviş mükafatı"na təqdim olundu. Sonra məlum oldu ki, mən mükafat alanlar sırasında deyiləm. Guya ki, Afaq Bəşirqızı rolumu bəyənməyib. İradı bu olub ki, tamaşada bacısının qəbri üstünə "businka" taxıb. "Dərviş mükafatı"nı almamağım almağımdan böyük marağa səbəb oldu. Bu qərəzli münasibətdə teatrımızın bir-iki aktrisasının da xidməti var. Nə oldu, "ətlə dırnağın arasına girən iylənib çıxar" deyiblər. Bir az keçmədi, xalq artisti adını aldım. Məxsusi "Hökmdar və qızı" tamaşasındakı roluma görə."
Bəsti Cəfərova
("Dövran" qəzeti, 25 oktyabr 1998.)
* * *
"Azərbaycan milli ictimai fikrinin təkamülü və mədəni-mənəvi dünyasının təkmilləşdirilməsində mühüm rol oynayan bədii söz sənətkarlarımızın, M.F.Axundov, N.Vəzirov, Ə.Haqverdiyev, H.Cavid, C.Məmmədquluzadə, C.Cabbarlı, S.Vurğun, İlyas Əfəndiyev, S.Rəhman və başqalarının işi, əməli, əsərləri bu gün də həmin əhəmiyyəti daşıyan qaynaqlar sırasındadır."
("Ekran-Efir" qəzeti, 2-8 noyabr 1998.)
* * *
"İlyas Əfəndiyev pyeslərinin dramaturji əsası barədə kifayət qədər yazılmışdır; burda insan içindəki mənfi və müsbət əxlaqi başlanğıclar cəmiyyət həyatına çıxarılır və çarpışır. Amma bu barədə yazıların yozumundan kənar qalan daha bir incə üslubi çalar da var burda : - məcazi ironiya! Məcazi -- yəni "tutaq ki" məqamında gəlir, qüvvətli ifadə xüsusən qabarır, dramaturjini gücləndirir. Həm də bu və ya digər tərəfə deyil, situasiyanın özünə qarşı yönəlir. Mənfi başlanğıcı daşıyan personajın məntiqi, cəmiyyət həyatında yeri o qədər realdır ki, adətən onun ironik bir replikasını "ləğv etmək üçün" müsbət ideal filan qədər mübarizə pafosu sərf etməli olur..."
Tehran Əlişanoğlu
("Rezonans" qəzeti, 4-6 noyabr 1998.)
* * *
"... Bir-neçə il əvvəl gənc, istedadlı İlyas Əfəndiyev "Bahar suları" əsəri ilə teatrsevərləri sevindirmişdi. Lakin bir çiçəklə yaz olmur. Teatr sənətinin nisbətən susmuş belə bir dövründə İlyas Əfəndiyev teatra lirik-dramatik mövzulu bir əsərlə gəldi. Bu, "Sən həmişə mənimləsən" idi...
O vaxt teatr tənqidi İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşasının əhəmiyyətindən, onun teatr aləmində dönüş yaratmasından belə yazırdı: "Bu lirik xarakterli ilk tamaşa teatrın yaradıcılıq inkişafında psixoloji dram xəttinin ifadəsi və təsdiqi idi...
60-80-ci illərdə Azərbaycan səhnəsində bir-birindən fərqli, istər dövr, istər janr, istərsə üslub cəhətdən tamaşaya qoyulmuş əksər pyeslərin müəllifi İlyas Əfəndiyev idi. O illərdə böyük dramaturq İlyas müəllimin əsərlərində bir nəsil aktyor-sənətkar yetişdi. Və mən xoşbəxtəm ki, məhz İlyas müəllim bir dramaturq kimi, öz pyeslərini yazarkən mənim oyunumu nəzərə alıb baş qəhrəman rolunu mənə yazırdı, mənim ifamda görmək istəyirdi, bu da gözəl nəticələr verirdi. O illərin məhsulu olan: "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Xurşidbanu Natəvan", "Şeyx Xiyabani", "Bizim qəribə taleyimiz", "Büllur sarayda" tamaşalarındakı baş qəhrəman qadın surətləri məhz mənim adıma yazılmışdır. Və hər rolu ayrı-ayrılıqda ən az 150 dəfə, ən çoxu isə 500 dəfə (Aynur -- "Büllur sarayda") çıxış etmişəm. Həmişə də dolu salon məni hərarətlə alqışlayıb. Əlbəttə, Dövlət Dram Teatrının səhnəsi çox qələbələrin şahidi olmuşdur. Lakin bu qələbələrin necə çətin bir zəhmətlə başa gəldiyini yəqin ki, hamı bilmir. 1923-34-cü illərdə Cəfər Cabbarlının, 40-50-ci illərdə Səməd Vurğunun, İlyas Əfəndiyevin teatrla sıx əlaqəsi bir sıra gözəl tamaşaların yaranmasına səbəb olmuşdur."
Amalya Pənahova
("Səs" qəzeti, 5 noyabr 1998.)
* * *
"- Bildiyimiz kimi, Milli Dram Teatrı bu ayın ortalarında Türkiyəyə qastrol səfərinə yola düşür. Orada üç tamaşanın oynanılması nəzərdə tutulur. Bu tamaşalarda hansı obrazları oynayırsınız?
- ... İkinci əsər İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşasıdır ki, burada da Saday bəy obrazını oynayıram. Saday bəy Cənubi Azərbaycandan -- Qaradağ xanlığındandır. Döyüşgən, xalq içindən çıxmış bir qəhrəmandır..."
Sabir Məmmədov
("Millət" qəzeti, 7 noyabr 1998.)
* * *
"Elə sənətkar var ki, bütün yaradıcılığı boyu nə yazırsa, həyatın hansı problemlərinə müraciət edirsə, həmişə öz təbiətinə sadiq qalır. Buna yaradıcılıqda özünəməxsusluq deyirlər və bu özünəməxsusluq həmin sənətkarı ədəbiyyat aləmində bir kimsə ilə eyniləşdirməyə imkan vermir. Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyev məhz belə sənətkarlardandır.
İlyas Əfəndiyev haqqında düşünəndə bir də quruyub xəzəl olsa belə, öz ətrini, rayihəsini itirməyən, elə bil yenicə dirilən boy çiçəyini xatırlayırsan. İnsanlar arasında ən zərif, ən kövrək, ən bakirə hissləri də həmin boy çiçəyinin ətri ilə müqayisə etmək olar. Bir də ona görə ki, İlyas Əfəndiyevin nəsri və dramaturgiyası bütünlükdə bu incə hissləri şairanə bir dillə tərənnüm edir.
Bir anlığa təsəvvür edək ki, son altmış ilin nəsri və dramaturgiyasında İlyas Əfəndiyev adlı bir şəxsiyyət olmayıb, o zaman ədəbiyyatımız nələr itirərdi? Nəsrimizdə və dramaturgiyamızda lirik-psixoloji təmayülün, C.Cabbarlıdan sonra yeni və orijinal bir teatr məktəbinin adı və ünvanı itirilmiş olardı."
Vaqif Yusifli
(Tənqid yarpaqları. Bakı, 1998, səh. 26.)
* * *
"Xalq yazıçımız İlyas Əfəndiyev 10 il qabaq "Ədəbiyyat qəzeti"nə verdiyi müsahibədə bu hadisənin (50-ci illərin əvvəllərində Cəfər Cəfərovun kosmopolit kimi "ifşa" edilməsini) canlı şahidi olaraq belə xatırlayıb: "Cəfər Cəfərovu 50-ci illərdə kosmopolit, nihilist adlandırdılar. "Yuxarı"ların təsiri və müdaxiləsi ilə hətta Yazıçılar İttifaqı üzvlüyündən xaric etdilər. Əlbəttə, buna, o zaman süni, quraşdırma pyeslər, cildlər dolu bədii "romanlar" çap etdirən və "yuxarılar" tərəfindən müdafiə edilən adamlar səbəb oldu. Əlbəttə, bu, son dərəcə nadan bir hadisə idi və mən bunu bizim sənət tariximizdə ləkəli bir səhifə sayıram."
Xatirə Quliyeva
("Ekspress" qəzeti, 10-11 noyabr 1998.)
* * *
"- Siz iki dəfə Dövlət mükafatı laureatı adına layiq görülmüsünüz...
- Bəli, birini almışdım teatrda İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesindəki Nicat roluna görə. İkinci dəfə "Qaçaq Nəbi" filminə görə..."
Həsənağa Turabov
("İki sahil" qəzeti, 11 noyabr 1998.)
* * *
"MİLLİ TEATR TÜRKİYƏYƏ GEDİR"
Azərbaycan Dövlət Milli Akademik Dram Teatrının kollektivi noyabrın 15-də qardaş Türkiyə Respublikasına qastrol səfərinə yola düşür. Səfərlə əlaqədar teatrın bədii rəhbəri. xalq artisti Həsənağa Turabov mxbirimizə demişdir:
- Türkiyə ictimaiyyəti Milli Teatrın tamaşaları ilə hələ 90-cı ildən tanışdır. Həmin il Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Turan Yazqanın dəvətilə teatrımız Ankara və İstanbul şəhərində İlyas Əfəndiyevin "Bizim qəribə taleyimiz" və "Sevgililərin cəhənnəmdə vüsalı" pyeslərinin tamaşasını göstərmişdi... Bu səfərimiz isə Azərbaycan və Türkiyə Respublikaları arasında mədəni əlaqələrin inkişafı haqqında hər iki dövlət arasında bağlanan sazişin proqramına daxildir və qastrol Azərbaycan teatrının 125 illiyinə həsr olunub.
Kollektivimiz Ərzurumdan başlayaraq Sivas, Kayseri və Ankara şəhərlərində İlyas Əfəndiyevin "Hökmdar və qızı", Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc", Elçinin "Mənim sevimli dəlim" əsərlərinin tamaşasını göstərəcək.."
("Ədəbiyyat qəzeti", 13 noyabr 1998.)
* * *
"SSRİ Xalq artisti İsmayıl Dağıstanlı Azərbaycan Dram Teatrının səhnəsində... İlyas Əfəndiyevin "İşıqlı yollar"ında Elmar... obrazına parlaq səhnə təcəssümü verdi."
Mahirə Ramilqızı
("Ekspress" qəzeti, 14-16 noyabr 1998.)
* * *
Qəzetdə "İlyas Əfəndiyev itgisi..." adlı xatirə-məqalə dərc edilmişdir. Oradan bəzi fikirlər:
"Onun oxunaqlı, orijinal hekayələri ilə nəsrimizə yeni ruh, yeni nəfəs gəldi. Təsadüfi deyil ki, hər dəfə bu hekayələr çap olunanda oxucuların böyük marağına səbəb olurdu. İlyas müəllimin ədəbiyyatımız, mədəniyyətimiz, mənəvi dəyərlərimiz haqqında çıxışları, mülahizələri, müsahibələri, söhbətləri öz təzəliyi, bənzərsizliyi ilə həmişə ehtiram doğururdu. Amma İlyas müəllimi milyonlarla oxucular arasında, ədəbiyyatsevərlər içində sevdirən, tanıtdıran, geniş şöhrətləndirən nəsrimizdə yeni mərhələ olan "Söyüdlü arx", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca" romanları olub. Bu əsərlər indi də müasir və gərəklidir, gələcək nəsillərimiz üçün də əsl tərbiyə məktəbi olacaqdır. Bu əsərlər çap olunanda geniş əks-sədaya, marağa, sözün yaxşı mənasında mübahisələrə, müzakirələrə, ədəbi aləmdə canlanmaya səbəb olurdu. Ona görə ki, yazıçı dövrün çox mühüm ictimai-siyasi. mənəvi problemlərinə toxunurdu.
... Mən həmişə oğlanlarıma deyərdim ki, ataya, valideynlərə hörməti Elçin əmidən öyrənin. Ədəbiyyatda da belə idi. Elçin özü məşhur, orijinal yazıçı ola-ola söz düşəndə deyirdi ki, mən sevinir, fəxr edirəm ki, yazıçı İlyas Əfəndiyevin oğluyam, onun yaradıcılığı mənim üçün tükənməz ilham mənbəyi, ədəbi məktəbdir.
... Ən axırda, bəlkə də ən başlıcası onu demək istərdim ki, İlyas Əfəndiyev dahi Cəfər Cabbarlıdan sonra, milli səhnəmizin çətin, ağır və şərəfli yükünü az qala yarım əsr öz çiyinlərində daşıdı, ona Cəfərdən sonra ikinci nəfəs verdi, özünün "İlyas Əfəndiyev teatırı"nı yaratdı. İlyas Əfəndiyev aktyorluq məktəbi pərvəriş tapdı. İlyas Əfəndiyevdən sonra elə bil ki, səhnəmizdə bir boşluq yaranıb. Bu boşluq uzun illər hiss ediləcəkdir. Ta İlyas Əfəndiyev ənənələrini, ruhunu, dramaturq duyumunu, teatrmızda yaratdığı obrazlar silsiləsinin xələflərini səhnəmizə gətirən yeni, həqiqi istedadlı bir dramaturqun doğuluşuna kimi."
Cabir Novruz
("Xalq qəzeti", 15 noyabr 1998.)
Səhifələr : 1 2 3 4 5 6 7 8