1 9 9 8 / səhifə 4
Səhifələr : 1 2 3 4 5 6 7 8
"Sevimli xalq yazıçımız İlyas Əfəndiyevin əsərləri dağlar arxasındakı uzaq dağ kəndlərində, sonsuz görünən yeniyetməlik və gənclik illərində bizim yaxın dostumuz olmuşdu. Hekayələrindən, povestlərindən can atdığımız bir həyatın, istedad və qabliyyətlə bütün qapıları açmaq mümkün olan, sevgisi şan-şöhrətdən, toxluqdan çox sadə halallığa, duyğulu nəcibliyə meyl edən bir dünyanın həniri üzümüzə vururdu. Ona öz yazıçımız kimi baxırdıq. Çünki gələcəyimizə olan ümidlərimizə qanad taxırdı; kənddə böyüməyin, kasıblığın üzüqaralı olmadığına, əksinə, bir çox hallarda üstünlük olduğuna inandırırdı. Təsvir etdiyi həyatın romantikası yeniyetməlik xəyallarımızla üst-üstə düşürdü. O sanki bizim yaşadığımız təbiətin şəklini çəkirdi.
... İlyas müəllimlə aramızda yaşa, tez-tez görüşüb-görüşməməyə baxmayan zərif, həssas, davamlı, dədə-babalarımızın etibarına bənzər səmimiyyətlə yoğrulmuş bir dostluq vardı... Və mən bu dostluqla ömrüm boyu fəxr edəcəyəm."
Sabir Rüstəmxanlı
("Ədəbiyyat qəzeti", 7 avqust 1998.)
* * *
"- Sevdiyiniz yazıçı?
- ... İlyas Əfəndiyev..."
Mirzə Babayev
("Cümə" -- "Xalq qəzeti"nin əlavəsi,
21-27 avqust 1998.)
* * *
"Prezident Heydər Əliyev mərhum xalq yazıçısı İlyas Əfəndiyevin layiq görüldüyü "Şöhrət" ordenini onun oğlu Elçin Əfəndiyevə təqdim edərkən dedi:
- Heyf ki, mən bu ordeni İlyas Əfəndiyevin özünə təqdim edə bilmədim, çox təəssüf edirəm. Çünki o vaxt sadəcə, bizim bu nişanlarımız hazır deyildi. Ancaq eyni zamanda, mən məmnunam ki, Elçin, sən -- oğlu, onun yaradıcılığını davam etdirirsən. Həm oğul kimi, həm də Azərbaycanın mədəniyyət xadimi kimi, sənin İlyas Əfəndiyevə məxsus olan ordeni almağa tam hüququn var.
Elçin Əfəndiyev çıxış edərək dedi:
- Hörmətli Prezident!
Əziz dostlar!
Sizin dediyiniz kimi, mən də böyük bir ağrılı-acılı duyğu ilə təəssüf edirəm ki, layiq olduğu bu yüksək mükafatı bu gün Sizdən biləvasitə İlyas Əfəndiyevin özü almadı. Ancaq təsginliyi onda tapıram ki, bu gün İlyas Əfəndiyevin ruhu burada, bu salonda, bizimlə bir yerdədir və onun ruhu şad olur. Şad olur ona görə ki, İlyas Əfəndiyev bütün varlığı, canı-qanı ilə Azərbaycan xalqına bağlı olan sənətkar, yazıçı idi. Bütün varlığı ilə Azərbaycan Respublikasına, onun müstəqilliyinə və ərazi bütövlüyünə bağlı bir sənətkar idi. İlyas Əfəndiyev Azərbaycan Respublikasının Prezidentinə, cənab Heydər Əliyev, şəxsən Sizə son dərəcə böyük hörmət və ehtiram bəsləyən bir insan idi.
Mən bu yüksək mükafata görə İlyas Əfəndiyevin ailə üzvləri adından Sizə bir daha dərin təşəkkür və minnətdarlığımı bildirirəm."
("Azərbaycan" qəzeti, 22 avqust 1998;
"Xalq qəzeti", 22 avqust 1998.)
* * *
"- Yaratdığınız rollar arasında xaraktercə sizə yaxın olanı varmı?
- ... Məsələn, "Sarıköynəklə Valehin nağılı"ndakı (İlyas Əfəndiyev) Valeh... haradasa mənə oxşayır."
İlham Əsgərov
("Yeni Azərbaycan" qəzeti, 22 avqust 1998.)
* * *
"Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 avqust 1998-ci il tarixli Fərmanında deyilir: "Teatrların repertuarları dünya ədəbiyyatının gözəl nümunələri ilə yanaşı Səməd Vurğun, Süleyman Rüstəm, Sabit Rəhman, Mirzə İbrahimov, İlyas Əfəndiyev və başqalarının əsərləri ilə daha da zənginləşdi."
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
("Azərbaycan" qəzeti, 28 avqust 1998.)
* * *
"Rəhmətlik İlyas müəllim təvsiyə edərdi ki, elə eləyin ki, tamaşaçının gözü qalsın dalınızca. Tapmaca olmağa çalışın..."
Firəngiz Mütəllimova
("Ekspress" qəzeti, 29-31 avqust 1998.)
* * *
"72 yaşındayam... O gün istedadlı sənətçi Vəfa Fətullayeva haqqında veriliş gedirdi. Hazırladığım tamaşadan -- "Atayevlər ailəsi"ndən (İlyas Əfəndiyev) epizod səsləndirdilər. Özüm də çox sevindim..."
Lütfi Məmmədbəyov
("Dövran" qəzeti, 1-2 sentyabr 1998.)
* * *
Şəlalə İbrahimovanın "Yeni mövsümün açılışı yubileyə təsadüf edir" adlı yazısında teatrımızın 125 illik yubiley mövsümündə İlyas Əfəndiyevin "Polkovnik Ağayarov" adlı son əsərinin tamaşaya qoyulacağı göstərilir. Eyni zamanda bildirilir ki, "teatrın kollektivi bu ilin payızında Türkiyəyə qastrol səfərinə gedəcək. Orada İlyas Əfəndiyevin "Hökmdar və qızı", Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc", Elçinin "Mənim sevimli dəlim" tamaşalarını göstərəcəkdir."
("Xalq qəzeti", 3 sentyabr 1998.)
* * *
"İlyas Əfəndiyev həmişə bizimlədir" adlı məlumatın müəllifi Məlahət xalq yazıçısı haqqında çəkilən sənədli filmdən bəhs edir və 10-15 günə hazır olacağını yazır.
("Şərq" qəzeti, 3 sentyabr 1998.)
* * *
"- Sevdiyiniz nasir?
- İlyas Əfəndiyev."
Lütfiyar İmanov
("Cümə", "Xalq qəzeti"nin əlavəsi,
4 sentyabr 1998.)
* * *
"- Sizin ədəbiyyata gəlməyinizdə İlyas Əfəndiyevin rolu nə dərəcədədir?
- İlyas Əfəndiyevin rolu çox böyük, mühüm və həlledici olub. Həm də ikili səciyyə daşıyıb: biri sövq təbiidir. Yəni mən gözümü açandan evdə ədəbiyyat söhbəti görmüşəm, o mühitdə böyümüşəm; ikincisi isə, ədəbiyyata məndə biləvasitə marağı da İlyas Əfəndiyev oyadıb. Mən İlyas Əfəndiyevin şəxsiyyətinə yaxşı bələd olduğumdan əsərlərini oxuyurdum və bu yazılardakı özünüifadədə atamı axtarırdım... Mən çox erkən yaşlarımdan oxumağa başlamışam..."
Elçin
("Xalq qəzeti", 4 sentyabr 1998.)
* * *
"... İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" əsəri ilə Türkiyəyə getdik. Bu tamaşada mənim rolum kiçikdir. Amma nəzərdən qaçmadı. Orada hətta məni dünya miqyasına çıxan aktyorlar sırasında sayıb həmin rola mükafat təqdim edəndə, sözün düzü, özümü çox itirdim, başım gicəlləndi. Respublikada bəlkə də məni daha çox komik aktyor kimi qəbul edən tamaşaçı o faciəvi rola yəqin ki, o qədər də nəzər yetirmir, amma Türkiyəli tamaşaçı məni o roldan tanıyıb qiymətləndirdi."
Səyavuş Aslan
("Panorama" qəzeti, 5 sentyabr 1998.)
* * *
"- Elçinin ədəbiyyata gəlməyində İlyas Əfəndiyevin rolu nə dərəcədədir?
- Blyas Əfəndiyevin rolu çox böyük, mühüm və həlledici olub. Həm də ikili səciyyə daşıyıb: biri sövq-təbiidir. Yəni mən gözümü açandan evdə ədəbiyyat söhbəti görmüşəm, o mühitdə böyümüşəm. İkincisi isə, ədəbiyyata məndə biləvasitə marağı da İlyas Əfəndiyev oyadıb. Mən İlyas Əfəndiyevin şəxsiyyətinə yaxşı bələd olduğumdan, əsərlərini oxuyurdum və bu yazılardakı özünüifadədə atamı axtarırdım...
- ..."Beş dəqiqə və əbədiyyət" kitabının girişində çox maraqlı bir detal var. Yazırsınız kim, mən atamın, İlyas Əfəndiyevin iş otağında oturub onunla söhbət edirdim. Birdən atam əli ilə divar boyu düzülmüş kitab dolablarını göstərərək...
- Bəli, bəli, yaxşı xatirimdədi: dedi ki, dünyada bu qədər böyük yazıçılar olub, bunlardan sonra biz nə üçün yazırıq?
- ...Amma adam inanmasa ki, onlardan daha güclü əsər yaza biləcək, məncə, qəti əlinə qələm almaz. Bunu da, təbii, Elçin bilməli idi, çünki İlyas Əfəndiyevin oğludur. Sizin xatirəniz də buqna bir sübutdur. Bütün bundan sonra isə Elçin yazdı...
- Əvvala, bu söhbət uzaq dövrün yox, 80-ci illərin əvvəllərinin söhbətidi. Yəni artıq yazıçı idim, ədəbiyyatda yerim olan bir adam idim. Amma bu sual məni sarsıtdı. Çünki bunu İlyas Əfəndiyev kimi, Azərbaycan ədəbiyyatıın klassiki deyirdi və bu sözdə həqiqət vardı. O boyda nəhənglərdən sonra, bizim yazmağımız... öz-özümüzü aldatmaqdı da. Onda mən dedim ki, hər bir yazıçı öz xalqıqının taleyinin, tarixinin kontekstində qiymətləndirilməlidi. Hesab edirəm ki, düz də demişəm.
-... Son illər Siz daha çox dramaturgiya ilə məşğulsunuz, komediyalar yazırsız. Yeri gəlmişkən, deyim ki, bu əsərlərinizdə İlyas Əfəndiyevin ruhunu hiss edirəm. Bu necə oldu belə, Elçin müəllim, birdən-birə dalbadal komediyalar: "Ah, Paris, Paris!..", "Mən sizin dayınızam", "Dəlixanadan dəli qaçıb və yaxud, mənim sevimli dəlim". İndi də Akademik Milli Dram Teatrında "Mənim ərim dəlidir" adlı yeni komediyanızın məşqləri başlayıb...
- Doğrusu, bu elə mənim özüm üçün də bir sirri-xudadır. (Gülür.) Bilirsən, dünyada nə qədər yazıçı varsa, bir o qədər də yaradıcılıq psixolojisi var və yəqin mənim birdən-birə komediyalar yazmağımdan dlanışmaq, bunu izah etmək, məndən artıq dərəcədə tənidçilərin işidi. O ki, qaldı, İlyas Əfəndiyevin ruhunu duymağına, mən buna çox şadam."
Elçin
("Xalq qəzeti", 6 sentyabr 1998.)
* * *
Aytən Kərimova "Milli Teatr 125-ci mövsümünə qədəm qoydu" adlı yazıda göstərir ki, "125-ci mövsümünə qədəm qoyan Akademik Milli Dram Teatrı ilk olaraq görkəmli dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsərini tamaşaçılara təqdim edəcək." Daha sonra həmin teatrda İlyas Əfəndiyevin "Polkovnik Allahyar" adlı son əsərinə Mərahim Fərzəlibəyovun quruluş verəcəyi bildirilir.
("Şərq" qəzeti, 8 sentyabr 1998.)
* * *
"Müxalifət" qəzetinin hüquq şöbəsinin reportyoru Sona Qasımova ixtisasca hüquqşünasdır. Orta məktəbdə təhsil alarkən "Sarıköynəklə Valehin nağılı"nı (İlyas Əfəndiyev) oxuduqdan sonra, gələcəkdə hüquqşünas olmaq fikrinə gəlib."
("Bu gün" qəzeti, 9-13 sentyabr 1998.)
* * *
"Sağlıq olsun, Vaqif Mustafayevin "Hökmdar və qızı"na (İlyas Əfəndiyev) çəkiləcəyəm. İki seriyalı film olacaq. Amma hansı rola, deyə bilmərəm. Yaşayarıq, görərik."
Muxtar Maniyev
("Rezonans" qəzeti, 9-11 sentyabr 1998.)
* * *
Qəzetin Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri İlham Rəhimli ilə müsahibəsində bildirilir ki, "Milli Teatr özünün 125-ci teatr mövsümünü İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesinin tamaşası ilə açacaq." Xəbər verilir ki, ədibin "Dəlilər və ağıllılar" əsəri də bu mövsümün repertuarındadır. "Polkovnik Allahyarov" adlı son pyesi isə tamaşaya hazırlanacaqdır."
("Ekspress" qəzeti, 10-11 sentyabr 1998.)
* * *
"Törə Şahqulu başı üstündə göylərdə qərar tutan Mirzə Cəlilə doğru atıldı. Xanımlar gəzdirdiyi balaca əl iti bədrlənmiş aya atılan kimi tappıltı ilə yerə düşdü. Düz... İlyas Əfəndiyevin ayaqlarının altına düşdü."
Kamil Vəli Nərimanoğlu
("Yeni müsavat" qəzeti, 11 sentyabr 1998.)
* * *
İlyas Əfəndiyevin "Qoçaq uşaqlar" hekayəsi ixtisarla çap olunmuşdur.
(N.Kazımov. Oxu, 4-cü sinif dərsliyi, Bakı,
1998, səh. 109-111.)
* * *
Sentyabrın 13-də, bazar günü axşam Azərbaycan Akademik Milli Dram Teatrı 125-ci yubiley mövsümünün rəsmi açılışından əvvəl, Azərbaycan Qadınlarının I Qurultayının iştirakçılarının xahişini nəzərə alaraq, onlar üçün İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşasını göstərmişdir. Tamaşa böyük müvəffəqiyyətlə keçmişdir.
(Azərbaycan Qadınlarının I Qurultayının
Gündəliyi)
* * *
"Milli teatr yeni mövsümdə" adlı yazıda deyilir: "Akademik Milli Dram Teatrı özünün 125-ci mövsümünə qədəm qoymuşdur. Teatrın kollektivi yubiley mövsümünü görkəmli dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri ilə açır."
("Alternativ" qəzeti, 16-22 sentyabr 1998.)
* * *
"Biz çox istərdik ki, repertuarımızda yenə də İlyas Əfəndiyev... kimi dramaturqların əsərləri olsun."
Eldəniz Zeynalov
("Yeni Azərbaycan" qəzeti, 16 sentyabr 1998.)
Səhifələr : 1 2 3 4 5 6 7 8