KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

 

1 9 9 8 / səhifə 7

Səhifələr : 1 2 3 4 5 6 7 8

 

 

"Kamal Talıbzadə İlyas Əfəndiyevin romanından ("Sarıköynəklə Valehin nağılı") danışarkən, ilk növbədə, onu qeyd edir ki, bu roman "problemləri, quruluşu, konfliktin xarakteri, üslubu, təhkiyyənin manerası baxımından tənqidi fikrə yeni söz deməyə, müasir nəsrin ideya-sənətkarlıq xüsusiyyətlərindən, üslubi istiqamətlərindən söhbət açmağa imkan verir" (Talıbzadə K. Tənqid və tənqidçilər, Bakı, 1989, səh. 437). Tənqidçi yalnız romanın bu cəhətini qeyd etməklə qalmırdı, əksinə, əsəri təhlil gedişində onun verdiyi bu imkanlardan mümkün qədər dolğun istifadə edərək konkret romanın timsalında müasir nəsrin inkişaf meyllərini izləyir və meydana çıxarırdı."

 

Şamil Salmanov

(Akademik Kamal Talıbzadə, Bakı,

1998, səh. 100.)

 

*   *   *

 

"İlyas Əfəndiyev" adlı essedən:

"Onu itirdiyimiz cəmi iki ildir. Amma bu iki il on illərin ayrılığı qədər uzun görünür. Dramaturq taleyini əsil həyat dostu sədaqəti ilə bağladığı Milli Dram Teatrı ondan daha təzə heç nə gözləmir. Təəssüf!..

Onsuz qaldığımız ikicə ildir. Amma elə bil böyük dramaturq teatrımızın kisəsindən getməyib; özündən sonra da pyeslərinin premyerası oynanılır, teatrın qovluğunda başqa bir əsəri rejissor yozumunu gözləyir.

... İlyas müəllimin çağdaş dramaturgiyamızdakı həmişəcavan ruhlu ağsaqqal mövqeyi yaman görünür.

Bundan sonra hər hansı ictimai-siyasi formasiya dəyişikliyi fonunda belə həmişə müasir görünən, zaman-məkan ölçülərinə sığmayan qəlb müəmmaları açmasında üz tutduğumuz İlyas Əfəndiyev yaradıcılığı həmişə bizimlə qalacaq. Onu itirdiyimiz, təzə əsərləri üçün qəribsədiyimiz illər illərə calansa belə..."

 

Gülcahan Məmmədova

("Panorama" qəzeti, 17 noyabr 1998.)

 

 

*   *   *

 

"Azərbaycan və Türkiyə Mədəniyyət Nazirliklərinin təşəbbüsü ilə bizim Dövlət
Akademik Teatrımız noyabrın 17-dən 25-nə kimi Türkiyənin Ərzurum, Sivas, Nidcə, Ankara və Kayseri şəhərlərində qastrol tamaşaları verəcəkdir. Qastrollar 17 noyabrda Ərzurum dövlət Teatrında İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında tamaşa ilə başlanacaqdır. Tamaşanın rejissoru Mərahim Fərzəlibəyovdur. Noyabrın 18-də Sivas Dövlət Teatrında Elçinin "Mənim sevimli dəlim" əsəri göstəriləcəkdir. Tamaşanın rejissoru Azərpaşa Nemətov, rəssamı Elçin Məmmədovdur. 21 noyabrda Nidcə Dövlət Teatrında Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" pyesi göstəriləcək...

... Türkiyə ictimaiyyəti Azərbaycan Dövlət Dram Teatrının tamaşalarına böyük maraq göstərirlər."

 

Tural Rzayev

AzərTAC-ın müxbiri. Ankara.

("Bakinskiy raboçiy" qəzeti, 21 noyabr 1998.)

 

 

*   *   *

 

"Muxtar Avşarov Milli Dram Teatrı səhnəsinə rejissor Tofiq Kazımovun dəvəti ilə gəlib. 1968-ci ildə. İlk dəfə də İlyas Əfəndiyevin "Unuda bilmirəm" əsərində Kərim dayı rolunu oynayıb."

 

  Sevinc Əsgərxanqızı

("Dövran" qəzeti, 22 noyabr 1998.)

*   *   *

           

"Müharibədən sonra Azərbaycan dramaturgiyasında aparıcı sima İlyas Əfəndiyev oldu. Milli dramaturgiyamızda öz mövzusu, öz üslubu olan İlyas Əfəndiyev lirik-psixoloji janrın təşəkkülündə böyük rol oynamışdır. Həmin janrın inkişafıyla bağlılıqda aktyor yaradıcılığı da yeni keyfiyyətlərlə zənginləşdi, üslub əlvanlığı artmağa başladı.

Ağasadıq Gəraybəylinin İlyas Əfəndiyev dramaturgiyası ilə ilk tanışlığı 1944-cü ildə "İntizar" pyesindən başladı. İlyas Əfəndiyevin Mehdi Hüseynlə birlikdə yazdığı, mövzusu müharibə həyatından götürülmüş bu pyesin tamaşasında Gəraybəyli, Alxas bəy rolunda çıxış etdi. Təbiətcə realist aktyor olan Gəraybəyli obrazın real həyatla bağlı psixoloji dərinliyini nümayiş etdirə bildi. Lirik-psixoloji realizmin sənətkarın yaradıcılığına doğmalığı Vasmilyev ("İşıqlı yollar", 19 iyul 1947) rolunun ifasında daha aydın şəkildə əks olundu."

 

İlham Rəhimli

(Aktyor taleyinin dolayları,

Bakı, 1998, səh. 116.)

 

 

*   *   *

 

"Adil İsgəndərovun ən böyük xidmətlərindən biri yazıçıları teatra cəlb etmək bacarığı idi. Məmməd Səid Ordubadi, Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, Mirzə İbrahimov, Sabit Rəhman, İlyas Əfəndiyev... kimi yazıçılar teatrın doğma adamlarına çevrildilər. Onlar teatrın qaynar həyatında yaxından iştirak edirdilər."

 

Leyla Bədirbəyli

(Ömrümün nağılları. Bakı,

1998, səh. 21.)

 

 

*   *   *

 

"Mahnı dağlarda qaldı" (Tarixi mövzu və müasirlik) adlı məqalədə İlyas Əfəndiyevin eyni adlı əsərinin geniş elmi-nəzəri təhlili verilir. Məqalədə deyilir:

"İlyas Əfəndiyevin tarixi dram əsərləri özünün bədii-fəlsəfi fikir dərinliyi, milli problematikanın  müasirliyi, yüksək mənəvi, əxlaqi dəyərlərə malik qəhrəmanları ilə sənətkarın yaradıcılığında özünəməxsus mövqe tutur. Tarixi keçmişə müraciət, ideya-bədii keyfiyyətləri ilə bir-birindən seçilən tarixi əsərlərin yazılması ədəbi-bədii inkişafın ümumi qanunauyğunluğu olub, tarixi zərurətdən meydana çıxan hadisədir.İlyas Əfəndiyev də tarixə müraciət edəndə yaşadığı dövr haqqında fəlsəfi mühakimələr aparmaq, müasiri olan insanların mənəvi-əxlaqi dünyasını araşdırmaq, cəmiyyət və fərd, insan və zaman arasında münasibətləri aydınlaşdırmaq üçün keçmişə doğru tarixin pillələrinə enir, dövrün ictimai-fəlsəfi mənzərəsini tarixi müstəvidə verməyə çalışır.

... Azərbaycan ictimai fikir tarixi yeni ideologiyasının prinsipləri əsasında izah edildiyi zaman "Müsavat hökumətinin əsas qayəsi insanlar arasında qardaşlıq, bərabərlik yaratmaq idi. Əgər, biz cəmiyyəti siniflərə bölsəydik, insanları bir-birinə düşmən edərdik" ("Mahnı dağlarda qaldı" faciəsindən) tezisini geniş təsvir etmək, milli varlığımızın təsdiqi olan müsavat dövrü haqqında danışmaq böyük cəsarət tələb edirdi. Bu fikir özünün ictimai-idraki əhəmiyyətinə görə xüsusilə seçilir. Görünür, dramaturq hələ tarixin səhifələri açılmayan zamanda dövlətçilik tariximizi obyektiv öyrənə bilmişdir.

70-ci illərdə yazılmış bu dramda belə fikirlərin əks olunması göstərir ki, ədib əsrin narahat, təlatümlü dalğasını hiss etmiş, qeyri-harmonik cəmiyyətdə yaşayan xalqın mübarizəyə qalxacağına böyük inamı olmuşdur. Zamanın meyllərini duymaqla, ictimai tələbi əks etdirməklə milli idrakı, milli düşüncəni hərəkətə gətirmək baxımından bu dram əvəzsiz xidmət etmişdir. Bu əsəri ilə dramaturq cəmiyyətin daxili aləmini, titrəyişlərini həssaslıqla duyaraq müasir zamanın fikir adamlarını narahat edən, düşündürən məsələlərə toxunmuşdur. İlyas Əfəndiyev XX əsrin sonlarına yaxın Azərbaycanı bürümüş milli azadlıq hərəkatı hələ yaranmamış onun rüşeymlərini, milli-ideoloji əsaslarını görmüş, bu istiqlaliyyət, azadlıq duyğusuna hünər və cəsarətlə cavab vermişdir."

 

Ağayev İ.A.

("Dil və ədəbiyyat" jurnalı, 1998,

3, səh. 119 - 120.)

 

          *   *   *

 

Rəhim Əliyevin "Ədəbiyyatımız, tariximiz, dilimiz: son iki onilimiz" kitabı haqqında yazılmış məqalədə deyilir:

"Və Rəhim Əliyev "bir kitabın işığında" həyata yönəlmiş estetik baxış bucaqlarının kifayət qədər mozaik mənzərəsini göz önünə gətirir. İlyas Əfəndiyevdə bu -- "həm də şərti, rəmzi ifadə vasitələri", nağıldır ("Sarıköynəklə Valehin nağılı")...

 

("Rezonans" qəzeti, 28 noyabr -

1 dekabr 1998.)

 

 

*   *   *

 

Xalq yazıçısı Elçinin S.Vurğun adına Rus Dövlət Dram Teatrında tamaşaya qoyulmuş "Mənin sevimli dəlim" əsəri haqqında geniş məlumat verilmişdir. Lakin səhv olaraq əsərin müəllifi kimi xalq yazıçısı İlyas Əfəndiyevin adını yazıblar.

 

("Yeni müsavat" qəzeti, həftə sonu

buraxılışı, 29 noyabr - 5 dekabr 1998.)

            *   *   *

 

"Azərbaycan Milli Dram Teatrı noyabrın 29-da Türkiyədən qastrol səfərindən qayıdıb. Təxminən 10 gün davam edən səfər zamanı teatrın kollektivi 7 tamaşa oynayıb.

Qastrolu Ərzurum şəhərində İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşası ilə açan aktyorlarımız Ankara, Sivas, Kayseri və digər şəhərlərdə Elçinin "Mənim sevimli dəlim və yaxud dəlixanadan dəli qaçıb", B.Vahabzadənin "Özümüzü kəsən qılınc", İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşalarını göstəriblər..."

 

("Müxalifət" qəzeti, 1 dekabr 1998.)

 

 

*   *   *

 

Qəzet düzəliş verərək diqqətsizlik ucbatından "Mənim sevimli dəlim" əsərinin müəllifi kimi Elçinin əvəzinə İlyas Əfəndiyevin göstərildiyini yazır, oxuculardan və müəllifdən üzr istəyir.

 

("Yeni müsavat" qəzeti, 2 dekabr 1998.)

 

 

*   *   *

 

"Azərbaycan Dövlət Milli Dram Teatrının Türkiyədəki on beş günlük qastrol səfəri başa çatmışdır. Teatrın icraçı direktoru Elxan Haqverdiyevdən aldığımız məlumata görə, kollektiv Ankara, Kayseri, Sivas, Ərzurum və başqa şəhərlərdə olmuşdur. Onlar İlyas Əfəndiyevin "Hökmdar və qızı", Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc", Elçinin "Mənim sevimli dəlim" tamaşalarını göstərmişlər. Aktyorlarımızın çıxışı dost ölkənin sənətsevərləri tərəfindən sürəkli alqışlarla qarşılanmışdır."

 

Rəna Vasifqızı

("Xalq qəzeti", 2 dekabr 1998.)

 

 

*   *   *

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Türkiyə qastrolları, o cümlədən "Hökmdar və qızı" tamaşası haqqında məlumat verilib və səfərin "son dərəcə uğurlu" olduğu yazılıb.

("Yeni müsavat" qəzeti, 2 dekabr 1998.)

 

 

*   *   *

 

"Teatr qastroldan qayıtmışdır" adlı məlumatda bildirilir ki, Dövlət Akademik Milli Dram Teatrı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsərini Türkiyənin bir neçə şəhərində göstərmişdir. "Dost ölkənin sənətsevərləri Azərbaycan aktyorlarının çıxışlarını böyük maraqla izləmişlər."

 

("İki sahil" qəzeti, 3 dekabr 1998.)

 

 

 *   *   *

 

Dövlət Akademik Milli Dram Teatrının Türkiyə qastrolları ilə bağlı Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin rəisi, əməkdar incəsənət xadimi Əliqismət Lalayevlə müsahibə dərc edilmişdir. Müsahibədə deyilir:

"Siz yaxşı bilirsiniz ki, milli teatrımızın son dövr fəaliyyəti mərhum dramaturqumuz İlyas Əfəndiyevin adı ilə bağlıdır. Bu gün teatrın repertuarında İlyas müəllimin əsərləri möhkəm yer tutub. Odur ki, qastrolun açılışını İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri ilə (Ərzurumda yeni açılmış Dövlət Teatrında) başladıq."

 

("Yeni Azərbaycan" qəzeti, 3 dekabr 1998.)

*    *    *

 

"...Azərbaycan Dövlət Akademik Dram Teatrı Ərzurum, Sivas, Nicdə, Ankara və Kayseri şəhərlərində İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə və Elçinin pyeslərinin tamaşalarından ibarət repertuarı ilə çıxış etmişdir.

Ankarada İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesinin tamaşasına Türkiyənin mədəniyyət naziri İstəmixan Talay da baxmışdır."

 

Tural Rzayev. Ankara.

AzərTAC-ın xüsusi müxbiri

("Azərbaycan" qəzeti, 3 dekabr 1998.)

 

 


Səhifələr : 1 2 3 4 5 6 7 8

 

 

 

 

 

 
   
 
       
     © Musigi Dunyasi, 2011