1 9 9 9 / səhifə 2
Səhifələr : 1 2 3 4 5 6 7 8
Mailə Muradxanlı və Cəmil Fərəcovun İlyas Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən "Sən həmişə bizimləsən" adlı sənədli filmin ssenarisi çap olunmuşdur. Müəlliflər belə bir kiçik müqəddimə də yazmışlar:
"Bu film görkəmli dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin sağlığında çəkilməliydi. İlkin adı "Geriyə baxma, qoca" olan bu ssenarinin məzmununu İlyas müəllimə danışdıq, amma adını çəkməyə cəsarət etmədik, çünki İlyas müəllimin "qoca" sözündən xoşu gəlmirdi. Nə biləydik ki, bu, son vaxtlar ipək kimi yumşaq olan sərt, ciddi, tələbkar İlyas müəllimlə son görüşümüzdür. Beləcə, sağlığında özünün iştirakı ilə çəkmək istədiyimiz filmi onun xatirəsinə həsr etməli olduq. Ssenaridə əsaslı dəyişiklik aparmağa ürəyimiz gəlmədi. Sadəcə, səhnə ömrünü həsrət və ümidlə gözlədiyi "Hökmdar və qızı" tamaşasının müəllifsiz keçən premyerasını proloq seçdik və adını dəyişib "Sən həmişə bizimləsən" etdik.
Təəssüf ki, İlyas Əfəndiyevin canlı kadrları çox az qalıb və film başdan ayağa rəmzlər üzərində qurulub. Amma çalışmışıq filmə baxan hər kəs ədəbiyyatımızın, səhnəmizin İlyas Əfəndiyevli günlərini yaddaşında canlandıra bilsin."
Mailə Muradxanlı
Cəmil Fərəcov
(Sənədli filmlərin ssenariləri. Bakı, Hərbi nəşriyyat, 1998. səh. 27.)
* * *
Müxbir Alena Əliyevanın yeni çəkilimiş film-tamaşa -- İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsəri haqqında yazdığı məlumat dərc edilmişdir.
("Panorama", rus dilində, 27 fevral 1999.)
* * *
İlyas Əfəndiyev haqqında "Partiyasız bolşevik" adlı böyük yazı dərc edilib. Müəllif yazır:
"Bir-iki həftə bundan əvvəl marşurutda gedərkən radioda bir aktrisa mahnı oxuyurdu. Orta yaşlı bir qadınla kişinin söhbəti diqqətimi çəkdi. Qadın kişiyə gileylənir ki, İlyas Əfəndiyev rəhmətə gedəndən bəri, bizim artistlər nə işlə məşğul olacaqlarını bilmirlər. Hamısı keçiblər mahnı oxumağa. Haqlı iraddır."
Vüsalə Mahirqızı
("Bu gün" qəzeti, 28 fevral 1999)
* * *
Yeni çəkilmiş "Məhv olmuş gündəliklər" film-tamaşası haqqında oxuculara məlumat verilmişdir.
Məlahət
("Şərq" qəzeti, 28 fevral-2 mart 1999.)
* * *
İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsəri əsasında yeni film-tamaşa çəkildiyi və martın 7-də televiziya ilə göstəriləcəyi barədə geniş məlumat verilmişdir. Film-tamaşanın qurluşçu rejissorları Elçin Cahangirli və Firudin Məhərrəmov, qurluşçu operatoru Zahid Bağırov, səs rejissoru Vidadi Samanduyev, montajçısı Rövşən Vaqifoğlu, redaktoru Mailə Muradxanlıdır. Əsas rolları gənc aktyorlardan Mehriban Xanlarova, Lalə Kazımova, Şövqi Hüseynov, Vüsal Mehrəliyev ifa edirlər.
("Ekran - efir" qəzeti, 1-7 mart 1999.)
* * *
Günel Şahsuvarlının "AzTV-də "Məhv olmuş gündəliklər" başlıqlı yazısında İlyas Əfəndiyevin əsəri əsasında eyni adlı film-tamaşa haqqında məlumat verilmişdir.
("Bu gün" qəzeti, 3 mart 1999.)
* * *
"... ən böyük müəllimim mütaliə, bədii ədəbiyyat olub. İlyas Əfəndiyev, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseyn Cavid kimi sənətkarların əsərlərini daima oxumuşam və öyrənmişəm."
Kübra Əliyeva
("Respublika" qəzeti, 4 mart 1999.)
* * *
"Görkəmli dramaturqumuz, xalq yazıçısı İlyas Əfəndiyev "Xurşidbanu Natəvan" əsərini yazarkən məni nəzərdə tutub Natəvan rolunu qələmə almışdı. Bu gün də mən İlyas Əfəndiyevi minnətdarlıqla xatırlayıram. Hər dəfə əsgərlərimiz qarşısında çıxış edəndə mən Natəvanın şerlərini oxuyuram və arzu edirəm ki, Xan qızının doğulduğu, boya-başa çatdığı, xeyirxah əməllərini yaşadan torpaqlar tezliklə azad olsun."
Amalya Pənahova
("Respublika" qəzeti, 7 mart 1999.)
* * *
"Bu gün iftixar hissi keçirirəm ki, Azərbaycan teatrı öz şanlı ənənəsinə sadiq qalıb. Böyük Mirzə Fətəlidən üzü bəri, N. Vəzirov, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, S.Vurğun, İ.Əfəndiyev... yaradıcılığının davamçıları var və onlar zaman-zaman teatr sənətimizin inkişafı, tərəqqisi yolunda can yandırıblar. Onlardan biri də yazıçı-dramaturq Elçindir."
Yaqub Əlioğlu
("Naxçıvan" qəzeti, 20 mart 1999.)
* * *
"Yaddaş" filmlərini yaddaşlara köçürür" adlı yazıda İlyas Əfəndiyevin portreti dərc edilmiş və onun haqqında çəkilmiş "Sən həmişə bizimləsən" sənədli filminin "Azərbaycan" kinoteatrında nümayiş etdiriləcəyi barədə məlumat verilmişdir.
("525-ci qəzet", 26 mart 1999.)
* * *
"- Talisman gəzdirirsiniz?
- ... Paxlava üzük həmişə barmağımdadır, hətta bir saatlığa çıxaranda özümü itirən kimi oluram. Üzük barmağımda olanda isə, özümü çox rahat hiss edirəm, tamaşaya da bu üzüklə çıxıram. Hətta bir dəfə İlyas Əfəndiyevə onun tarixçəsini danışdım. O isə "Dəlilər və ağıllılar" tamaşasına bunu əlavə etmişdi. Əsərin hər iki qəhrəmanı kasıb olur. İki sevən qəlbin təmizliyi, saflığı isə bu üzüklə qeyd olunur. Tamaşada sevgilimlə görüşə gələndə deyirəm ki, dünən anamın rəfiqəsi ondan qalan bu üzüyü mənə verib dedi ki, bu, Natəvanın nəslindən olan qoca nənəmiz Xanımdan yadigardır. Mən indi istəyirəm bu üzüyü satıb təzə mənzilimiz üçün mebel, xalı-xalça alım. Yəqin ki, anamın ruhu inciməz.
Bunu İlyas müəllim öz fantaziyası ilə əsərə daxil edib, kiçicik dəyişiklik etsə də, mənasını saxlamışdı."
Zemfira Nərimanova
("Panorama" qəzeti, 20 aprel 1999.)
* * *
"Hələ 68-ci ildə İlyas Əfəndiyevin "Unuda bilmirəm" əsəri səhnəyə qoyulurdu. Onda mən baş rolda oynayırdım. Əsərdə o tay, bu taydan söhbət gedir. Həmin vaxtlarda Milli Təhlükəsizlik Komitəsinin nümayəndələri gəlib əsərdə sözlərimizi redaktə edirdilər. Hələ o vaxt biz öz sözümüzü deyirdik."
Amalya Pənahova
("Səs" qəzeti, 23 aprel 1999.)
* * *
"- ... Bu günlərdə ünvanıma gələn bir məktub məni az qala dəli etmişdi. 15 yaşına çatmamış bir qız yazır ki, bəs, mən bədbəxt olmuşam. Bibim məni eyş-işrət məclisində imkanlı,
harınlamış adama satıb. Ləyaqətim pozulub, ismətim tapdalanıb. İndi mən neyləyim?
- Bağışla, sözünü kəsirəm, niyə o məhz sənə məktub yazıb?
- ... Mərhum dramaturqumuz İlyas Əfəndiyevin eyniadlı əsəri əsasında çəkilən "Atayevlər ailəsi" televiziya tamaşasında milis mayoru rolunda oynayıram. Mənə elə gəlir ki, ünvanıma məktub göndərən yeniyetmə, sadəcə olaraq, tamaşada oynadığım milis mayorluğuma güvənib..."
Fuad Poladov
("Naxçıvan" qəzeti, 30 aprel 1999.)
* * *
"Zaman-zaman Azərbaycan dramaturgiyası öz dövrünün qlobal problemlərini həll etməklə yox (əslində bu onun işi də deyil), bu problemləri yaradan səbəbləri aşkarlamaqla məşqul olub (məncə sənətin vəzifəsi də elə budur), yəni hər bir dramaturq öz cəmiyyətində mövcud olan gerçəkliyi, aktual məsələləri önə çəkmək istəyib. Hüseyn Cavid bu gerçəkliyi tarixi-bəşəri yöndə, aspektdə, Cəfər Caabbarlı "Bir kimsəyə işıq verməyən günəş, bir kimsəyə görsənməyən gözəllik kimə və nəyə lazımdır" deyə, incə nüanslarla Şərq dünyasında kök salmış naqis ənənələri, yeni sosialist quruluşunun sxolastik vədlərinə şübhə ilə yanaşaraq yeniliyi tarixdə olduğu kimi, sənətdə də inikas etmiş, İlyas Əfəndiyev isə milli mənəvi dəyərlərimizin tərənnümünə həsr etdiyi gözəl əsərləri ilə uzun illər həsrətində olduğumuz müasirlərimizin mənəvi-psixoloji, əxlaqi dəyərlərini özünəməxsus şirin təhkiyə, lirik, humanist ideallarla qovşaqda əks etdirməklə teatrımıza yeni nəfəs gətirdi."
Həbib Qurbanov
(Mədəni - maarif" jurnalı, 4, 1999.)
Səhifələr : 1 2 3 4 5 6 7 8