KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

 

1 9 9 9 / səhifə 4

Səhifələr : 1 2 3 4 5 6 7 8

 

 

"1981-ci ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında... qurluşçu rejissor kimi fəaliyyətə başlayan Mərahim Fərzəlibəyov İlyas Əfəndiyevin "Natəvan", "Bizim qəribə taleyimiz", "Şeyx Xiyabani", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Hökmdar və qızı"... ( həmin teatrın səhnəsində M.Fərzəlibəyovun quruluşunda tamaşaya qoyulmuş "Büllur sarayda" (1983) və "Dəlilər və ağıllılar" (1992) əsərləri nədənsə bu siyahıya düşməmişdir - tətrt.) əsərlərinə quruluş vermişdir."

 

Zümrüd Bayramova

("Səs" qəzeti, 24 avqust 1999.)

 

 

*   *   *

 

"Hələ 1947-ci ildə o (Adil İsgəndərov - tərt.) gənc nasir İlyas Əfəndiyevi teatra cəlb edə bilmişdi. Səhnəyə "İşıqlı yollar" əsəri ilə qədəm basan İlyas Əfəndiyev bir qədər sonra daha kamil pyesini -- "Bahar suları"nı (1948) yazdı. Hər iki əsər A.İsgəndərovun verdiyi quruluşda səhnəyə qoyuldu.

...1964-cü ildə Tofiq Kazımov İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesini tamaşaya qoymaqla, teatrın yaradıcılıq inkişafında lirik-psixoloji üslubun təməlini qoydu. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşası çox böyük uğur qazandı. Bu tamaşada Nargilə rolu mənim professional səhnədə birinci böyük müvəffəqiyyətim oldu.

...Otuz il tamaşalarında uğurla çıxış etdiyim, teatr səhnəsində əsərlərinin 14-ündən (1964-cü ildən sonrakı tamaşalar nəzərdə tutulur - tərt.) 11-də baş rollarda çıxış etdiyim, Nargilə surətindən sonra əsərlərində baş qəhrəman surətini, özünün dediyi kimi, məhz mənim ifam üçün yazdığı Azərbaycan teatr sənətinin son 30 illik inkişafında mühüm rolu olan görkəmli dramaturqumuz İlyas Əfəndiyevi də xatırlamaq istəyirəm. 1964-1989-cu illərdə gənc aktyor nəslinin yetişməsində Əfəndiyev dramaturgiyasının əvəzsiz rolu vardı. Dünya təcrübəsində bir neçə halda dramaturq məhz hər hansı bir aktrisanı nəzərdə tutub onun ifası üçün pyeslər yazırdı. Mən fəxrlə deyə bilərəm ki, İlyas Əfəndiyev "Unuda bilmirəm"də Nərmini, "Mahnı dağlarda qaldı"da Şahnazı, "Qəribə oğlan"da Kəmaləni, "Xurşidbanu Natəvan"da Natəvanı, "Şeyx Xiyabani"də Mahnuru, "Bizim qəribə taleyimiz"də Nərmini, "Büllur saray"da Aynuru və bir çox qadın surətlərini məhz mənim ifam üçün yazmışdı. Mən də böyük şövqlə həmin rollarda çıxış edirdim. "Cəfər Cabbarlı teatrı" olduğu kimi, "İlyas Əfəndiyev teatrı" da mövcuddur. Bu məktəbi keçən hər hansı bir artist mənən zənginləşir."

Q e y d. İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulan (26 dekabr 1944; quruluşçu rejissor Səftər Turabov) ilk əsəri Mehdi Hüseynlə birgə yazdıqları "İntizar" pyesidir. (Tərt.)

 

Amalya Pənahova

("Xalq qəzeti", 24 avqust 1999.)

 

*   *   *

 

"İlyas Əfəndiyevin "Söyüdlü arx" əsərində insanlar arasındakı ziddiyyətlərdən idilliyaya, "hamılıqla barışıq" cəmiyyətinə yüksələn kənd əslində yalnız sənətçi-qəhrəmanın -- Nuriyyənin qurduğu səhnə-oyun-teatr sferasında mümkündür ki, burada hər kəs üzərinə düşən çağdaş, mədəni insan rolunu oynamağa məcburdur. Fəqət ən fəci rol qəhrəmanın özünə düşür, o hamını "xoşbəxt" etdiyi halda, öz fərdi səadətini əldə etməyə qadir deyil...

..."Mən heç bir zaman səni qəhrəman hesab etməmişəm"-- Səriyyənin Adilə qarşı üsyanı ("Körpüsalanlar"da -tərt.) təkcə İdealın mövcud gerçəklərlə təzadını ifadə etmir, həm də artıq "qəhrəman" anlayışının etik və estetik məzmunlarının bir-birini tamamlamadığını göstərirdi, bununla da bir bədii kateqoriya kimi, tərkibi olduğu sosrealizmlə birgə estetik əhəmiyyətini itirmiş olurdu."

 

Tehran Alışanoğlu

(Azərbaycan yeni nəsri, Bakı,

1999, səh. 23; 25.)

 

 

*   *   *

 

"Bəzi hallarda eşidirik ki, 70 illik sovet ədəbiyyatı heç nədir. Bu fikir çox yanlış fikirdir. Unutmaq lazım deyil ki, bir var sovet ədəbiyyatı, bir də var sovet dövründə yaranan ədəbiyyat.

... (Misal üçün) İlyas Əfəndiyevin pyeslərini ədəbiyyat tariximizdən çıxartmaq olarmı?"

 

Bəxtiyar Vahabzadə

("Yeni musavat", 29-30 avqust 1999.)

 

*   *   *

 

İlyas Əfəndiyevin "Ağıllılar və dəlilər" dramatik komediyası və ədibin 85 illiyi münasibətilə "Sən həmişə bizimləsən..." adlı məqalə dərc edilmişdir. Müəllif yazır:

"Müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Azərbaycanın xalq yazıçısı, Respublika Dövlət mükafatı laureatı İlyas Əfəndiyev 60 ilə yaxın məhsuldar yaradıcılıq yolu keçmişdir.

XX əsr Azərbaycan ədəbiyyatının təməl daşlarını qoyan, onun inkişafında böyük xidmətləri olan bu görkəmli yazıçı istər nəsrimizin, istərsə də dramaturgiyamızın zənginləşməsində az iş görməmişdir. İndi ədəbiyyatımızın inkişaf yolunu İlyas Əfəndiyevin yaradıcılığını nəzərə almadan təsəvvür etmək mümkün deyil.

...Azərbaycan ədəbiyyatının ön sıralarında duran, onun inkişafında fəal iştirak edən İlyas Əfəndiyev milli kökə, klassik mədəniyyətimizə möhkəm bağlı olan bir sənətkar kimi dünya ədəbiyyatının ən yaxşı ənənələrindən bəhrələnmiş və respublikamızın ədəbi-mədəni həyatında fəal iştirak etmişdir. O istər dünya ədləbiyyatı klassikləri, istərsə də müasir yazıçılar haqqında çoxlu məqalələr yazmış, ədəbiyyatın və mədəniyyətin müxtəlif aktual problemləri barədə qiymətli fikirlər, nəzəri mülahizələr irəli sürmüşdür."

 

Əmin Əfəndiyev

("Azərbaycan" jurnalı, 1999, 8, səh. 36,38.)

 

 

*   *   *

 

İlyas Əfəndiyev haqqında 392 səhifəlik "Sən həmişə bizimləsən" adlı xatirələr kitabı nəşr edilmişdir.

Kitabdakı bütün xatirələr, esse və məqalələr böyük ədibin vəfatından sonra yazılmış, ayrı-ayrı rəsmi xəbərlərlə bərabər, məxəzləri göstərilərək nəşrə daxil edilmişdir. Eyni zamanda bir çox xatirə və esselər məxsusi olaraq bu kitab üçün yazılmışdır.

Kitab xalq yazıçısı Elçinin "Özümüzdən sonranın ilkini" adlı "Ön söz əvəzi" ilə başlayır.

"Böyük itgi" adlı bölmə İlyas Əfəndiyevin vəfatı ilə əlaqədar rəsmi materiallar, eləcə də, Əsəd Cahangirin ("Unuda bilmərik"), Gülcahan Məmmədovanın ("Həmişə bizimlə qalacaq dramaturq"), Atabala İsmayıloğlunun ("Əbədiyyətə aparan yol"), Hüseyn Abbaszadənin ("Bu inamla bizdən ayrıldı"), Anarın ("Yeri görünəcək"), Amalya Pənahovanın ("Siz həmişə bizimləsiz"), Polad Bülbüloğlunun ("Siz həmişə bizimləsiz"), Səyavuş Məmmədzadənin ("Ustadın xatirəsinə" -- rus dilində), Maarif Soltanın ("Vida sözü əvəzi") müxtəlif mətbuat orqanlarında çap olunmuş vida sözləri, Ramiz Heydərin ("Canlı bir heykəldin"), (Ramiz Məmmədzadənin ("Məhəmməd oğlu İlyas"-- Azərbaycan və rus dillərində), Əjdər Qiyaslının ("İftixarısan"), Bəşir Kəsərlinin ("Xoş gələcəkdi") şerləri, başsağlığı teleqramları haqqında məlumat ("Dərin hüznlə"), Azərbaycan Yazıçılar Birliyinin Moskvada nəşr olunan "Literaturnaya qazeta"da çap etdirdikləri "Vida sözü" və İlyas Əfəndiyevin ailəsinin məktubu daxil edilmişdir.

"Çox dəyərli, xalqımız üçün lazımlı əsər" bölməsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Milli Dram Teatrında İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşasına baxması haqqında AzərTAc- ın geniş rəsmi məlumatı, eləcə də Svetlana Mirzəyevanın bu münasibətlə rus dilində yazdığı məqalə öz əksini tapmışdır.

Üçüncü bölmə "Mətbuatdan sətirlər" adlanır və salnamə xarakterli bu bölmədə vəfatından sonra mətbuatda İlyas Əfəndiyev haqqında gedən yazılardan seçmələr verilir.

"İlyas Əfəndiyev yaşayır" adlı dördüncü bölmədə Mirvarid Dilbazinin ("Unudulmaz sənətkar"), Tofiq Quliyevin ("Hər şeyin təzəsi, dostun köhnəsi"), Qılman İlkinin ("Kövrək xatirələr"), Kamal Talıbzadənin ("Məhəbbətin tərənnümü"), Əziz Mirəhmədovun ("Sənətlə sehrlənmiş ədib"), Əzizə Cəfərzadənin ("Uzaq xatirə"; "Dost düşüncələri"), Bəxtiyar Vahabzadənin ("İlyas Əfəndiyevi xatırlayarkən"), Ələviyyə Babayevanın ("Geriyə baxmaya bilərəmmi?"), Leyla Bədirbəylinin ("Mənalı ömür"), Tahir Salahovun ("Düşündürən dramaturq"), Nəbi Xəzrinin ("Əziz, mehriban dostum"), Hüseyn Abbaszadənin ("Qartal yüksəklərə uçur"), Qabilin ("Sən ey qadir məhəbbət"), Süleyman Ələsgərovun ("Görkəmli yazıçı, dahi dramaturq"), Kamran Hüseynovun ("Mahir söz zərgəri"), Bəkir Nəbiyevin ("Ruhunuz şad olsun, patriarx!"), Sofa Bəsirzadənin ("Unudulmaz xatirələr"), Fərəməz Maqsudovun ("Gələcəkdən gəlmiş adam"), Cabir Novruzun ("İlyas Əfəndiyev itgisi"), Polad Bülbüloğlunun ("Siz həmişə bizimləsiz"), Nərimn Həsənzadənin ("Böyük sənətkar və bir-neçə söz"), Famil Mehdinin ("Böyük sənətkara məhəbbət"), Söhrab Tahirin ("Əbədiyyəti gözlərimlə gördüm"), Əhliman Əmiraslanovun ("Böyük yazıçı -- böyük el ağsaqqalı"), Həsənağa Turabovun ("Bizim qəribə taleyimizdən bir lövhə"), Amalya Pənahovanın ("Dostluqdan yaranan sənət"), Şəfiqə Məmmədovanın ("Teatr onun həyatı idi"), Mərahim Fərzəlibəyovun ("Xatirə işığında"), Hacı Səyavuş Aslanın ("Qüdrətli sənətkar"), Əliabbas Qədirovun ("Unudulmaz sənətkar"), Fuad Poladovun ("Biz onun yetirmələriyik"), Sabir Rüstəmxanlının ("Gecə zəngləri"), Nahid Hacızadənin ("Yazıçıya yazmaq qalacaq"), Mövlud Syleymanlının ("Nəsillərin görüşü"), Kamil Vəli Nərimanoğlunun ("Aydan arı, sudan duru"), Vaqif Bayatlı Önərin ("Elçin və İlyas Əfəndiyev"), Vilayət Quliyevin ("Sənət marafonçusu"), İnqlabın ("İlyas Əfəndiyev teatrı"), Dilsuzun ("Zəka nuru"), Afaq Məsudun ("Unudulmaz İlyas Əfəndiyevin xatirəsinə"), İlham Rəhimlinin ("Əbədi sənət irsi"), Vaqif Yusiflinin ("Boy çiçəyinin ətri"), Məryam Əlizadənin ("Sən həmişə bizimləsən"-- rus dilində), Firəngiz Mütəllimovanın ("Yada düşər xatirələr"), Bəsti Cəfərovanın ("Nə yaxşı ki, bu dünyada siz varmışsınız..."), Kübra Əliyevanın ("Ürək sözlərim"), Səyavuş Məmmədzadənin ("İnsanlara vəsiyyət edilmiş işıq"-- rus dilində), Əkrəm Qaflanoğlunun ("Qarabağ şikəstəsi"), Kərbəlayi Əlinin ("Unuda bilmədiyim insan") xatirə və esseləri, Fikrət Qocanın "İlyas Əfəndiyevin unudulmaz xatirəsinə" şeri və İlham Rəhimlinin "İlyas Əfəndiyevin Azərbaycan Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş pyeslərinin siyahısı" çap edilmişdir.

Kitabı Dilsuz və Abid Tahirli tərtib etmişlər, redaktoru Dilsuz, nəşriyyat rekdaktou Tahirə Muxtarovadır.

 

(Sən həmişə bizimləsən. Bakı,

"Gənclik", 1999.)

 

*   *   *

 

"İFTİXARISAN


Xalqımızın müdrik ağsaqqalı,
böyük iftixarı, görkəmli yazıçı
İlyas Əfəndiyevin əziz və
unudulmaz xatirəsinə


Sən elə dağ idin, zirvəsi qarlı,
Əyilən deyildin tufana, qara.
Bir ömür yaşadın qışlı, baharlı...
Sədaqət göstərdin elə, ilqara.


Vüqarın bənzərdi uca çinara,
Min cürə nemətli, barlı bağ idin.
Zülmətə qərq olub düşsən də dara,
Kəhkəşan qoynunda çilçıraq idin.


Zəkan nur saçırdı... Hikmətin dərin,
Sənin dərdin idi xalqın da dərdi.
Can qoyub yazdığın hər bir əsərin
Ən yüksək dəyərli gövhərdi, zərdi!


Dram əsərlərin düşdü dillərə,
Oldu səhnəmizin nəcib zinəti.
İncilər bəxş etdin bizim ellərə,
Ucaltdın göylərə eşqi, sənəti.


Nurlu olsun deyə Vətənin yazı,
Canını bu yolda sən fəda etdin.
Bizə ibrət qoyub "Hökmdar və qızı"
Qəlbində Qarabağ yarası getdin...


Adına layiqdir övladların da,
Xalqının fəxridir alim Teymurçin.
Tanınır sınanmş etibarında
Yolunu yaşadan yazıçı Elçin!


Canından çox sevdin Ana Vətəni,
Bu yurdun şöhrəti, düz ilqarısan.
Unudan deyilik heç zaman səni,
Xalqımın həmişə iftixarısan...


Əjdər Qiyaslı
(Sən həmişə bizimləsən, Bakı, "Gənclik", 1999, məh. 32.)

 

 

 

 


Səhifələr : 1 2 3 4 5 6 7 8

 

 
   
 
       
     © Musigi Dunyasi, 2011