1 9 9 9 / səhifə 6
Səhifələr : 1 2 3 4 5 6 7 8
"Oktyabrın 6-da Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində sənət adamlarının, ədəbiyyatşünas və yazıçıların, rejissor və aktyorların unudulmaz xalq yazıçısı İlyas Əfəndiyevin ömür yolundan, yaradıcılığından, müasir Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərindən bəhs edən məqalələrinin, xatirələrinin toplandığı "Sən həmişə bizimləsən" kitabının təqdimat mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları İlyas Əfəndiyevin həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Azərbaycan EA-nın prezidenti, Milli Məclisin deputatı, akademik Fərəməz Maqsudov mərasimi açaraq İlyas Əfəndiyevin yaradıcılıq fəaliyyəti, şəxsiyyəti barədə fikirlərin, xatirələrin öz əksini tapdığı bu kitabın işıq üzü görməsini böyük yazıçımızın xatirəsinə dövlətimizin diqqət və qayğısının, elm və sənət adamlarımızın ona olan yüksək məhəbbətinin nəticəsi kimi qiymətləndirdi. O bildirdi ki, vaxtilə bir çoxlarının deyə bilmədiyi fikirləri İlyas Əfəndiyev cəsarətlə ya bir başa, ya da ezop dili ilə demişdir. Yazıçıya olan xalq məhəbbətinin bir səbəbini də natiq bununla əlaqələndirdi.
Xalq şairi Qabil, xalq artistləri -- bəstəkar Süleyman Ələsgərov, aktyor Amalya Pənahova, xalq yazıçıları -- Milli Məclisin deputatı Anar, Hüseyn Abbaszadə, filologiya elmləri doktoru, yazıçı Əzizə Cəfərzadə, əməkdar incəsənət xadimi, rejissor Mərahim Fərzəlibəyov və başqaları bütöv bir nəslin bədii təfəkkürünün inkişafına kömək edən, oxuculara gözəl mənəvi keyfiyyətlər aşılayan, yeni dövr ədəbiyyatımızın təməlini qoyanlardan biri olan, ədəbiyyat tariximizdə şərəfli yer tutan İlyas Əfəndliyevin çoxşaxəli yaradıcılığından və bütün bunların kitabda yaxşı əhatə edildiyindən danışdılar.
"Gənclik" nəşriyyatında nəfis tərtibatla buraxılmış "Sən həmişə bizimləsən" kitabına xalq yazıçısı Elçin "Özümüzdən sonranın ilkini" sərlövhəli "Ön söz əvəzi" yazmışdır.
Kitabın tərtibçiləri Dilsuz və Abid Tahirlidir.
Yazıçının oğlu Elçin təqdimat mərasimində çıxış edərək atasının xatirəsinə göstərilən diqət və qayğıya görə minnətdarlığını bildirdi.
Mərasimdə Azərbaycan musiqiçilərinin ifasında mahnılar səsləndi."
AzərTAc
("Azərbaycan" qəzeti, 7 oktyabr 1999.)
* * *
"Sən həmişə mənimləsən" kitabının Nizami adına Muzeydə keçirilən təqdimat mərasimi barədə geniş məlumat verilmişdir.
Araz
("525-ci qəzet", 7 oktyabr 1999.)
* * *
"Bəstəkar Süleyman Ələsgərov öz çıxışında ("Sən həmişə bizimləsən" kitabının təqdimat mərasimində - tərt.) bildirdi ki, İlyas Əfəndiyev mədəniyyətimizin, ədəbiyyatımızın üfüqündə sönməz ulduz kimi əbədi olaraq parlayacaqdır. O, xalqın məhəbbətini qazanan, mənalı ömür yaşamış dramaturq-yazıçı, vətəndaş kimi öz missiyasını yerinə yetirib dünyadan köçmüşdür."
Pərvanə Sultanova
("Xalq qəzeti", 7 oktyabr 1999.)
* * *
"Bu kitab İlyas Əfəndiyev oğullarının -- Elçin və Timurçin qardaşlarının sanki atalarının ruhu qarşısındakı borcları, öhdəlikləridi...
İlyas müəllim həmişə gözdə olan yazıçılardan olub. Yazdıqları -- "Söyüdlü arx", "Körpüsalanlar" kimi qabaritli romanları çap olunan kimi əldən-ələ gəzib; səhnəyə qoyduqları -- "Sən həmişə mənimləsən", "Mahnı dağlarda qaldı" kimi pyeslərin tamaşaları həmişə anşlaqla keçib... Dövrün ən parlaq söz ustalarından sayılan İlyas Əfəndiyev vaxtilə mövcud rejimə etirazını imkan düşdükcə bildirib. Məsələn, heç vaxt kommunistlərin sırasına qatılmayıb yazıçı. Halbuki kommunist bileti o vaxtlar inkişafın, irəliləyişin əsas atributuydu...
Daha nə? Yazdıqları arasında heç vaxt bircə cümləlik də mədhiyyə olmayıb. Nə şah bilib, nə padişah... Yaradıcı birliyə rəhbərlikdən də istədiyi vaxt aralanmağı bacarıb; nə vəzifə kürsüsünü eyninə alıb, nə yalançı şöhrəti...
Ədəbiyyatımızda dəyərli əsərlər yaratmaqla yanaşı o dövr üçün çox təhlükəli yeniliklərə də gedib: teatrımıza Cənubi Azərbaycan mövzusunu o gətirib; dilimizin türk dili olduğunu dəfələrlə bəyan edib; yaratdığı obrazları da sırf türk adlarıyla adlandırıb həmişə..."
Afaq
("Azadlıq" qəzeti, 7 oktyabr 1999.)
* * *
"İlyas Əfəndiyevin yaradacalığının əsas hissəsi sovet imperiyası dövrünə təsadüf edir. Sənətkarın böyüklüyü, elə xoşbəxtliyi də ondadır ki, sovet rejimi şəraitində o, ədəbi yaradıcılığında əsrlərin sınağından çıxmış milli dəyərləri ön plana çəkə bilmiş, onlara yeni ruh vermiş, yaşatmış, xalqı düşündürən, onu narahat edən problemlərdən bəhs etmiş, oxucularda,
tamaşaçılarda Vətənə məhəbbət, yüksək ideyalarla yaşamaq, sədaqət, ülvilik, dözümlülük, cəsarətlilik, prinsipiallıq kimi hisslərin yaranmasına xidmət edən əsərlər yazmışdır. Elə təsadüfi deyil ki, məhz bu xidmətlərinə görə müstəqil Azərbaycanın "Şöhrət" ordenini alan ilk sənətkar da İlyas Əfəndiyev olmuşdur."
Ramiz Bilalov
Mirəvəz Rəhimov
("Azərbaycan müəllimi" qəzeti,
7-13 oktyabr 1999.)
* * *
Oktyabrın 6-da EA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində "Sən həmişə bizimləsən" kitabının təqdimat mərasimindən geniş reportaj çap olunmuşdur, Azərbaycan EA-nın Prezidenti, millət vəkili, akademik Fəraməz Maqsudovun, xalq şairi Qabilin, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, millət vəkili Anarın, xalq yazıçısı Hüseyn Abbaszadənin çıxışlarından ayrı-ayrı parçalar dərc edilmiş, başqa çıxışlar haqqındla məlumat verilmişdir.
("Ədəbiyyat qəzeti", 8 oktyabr 1999.)
* * *
"Bu kitab atası kimi özü də xalq yazıçısı və ustad olan, İlyas Əfəndiyev işinin layiqli davamçısı Elçinin yazdığı "Ön söz əvəzi"nin ilk sətirlərindən diqqəti cəlb edir."
Svetlana Mirzəyeva
("Bakinskiy raboçiy" qəzeti, 8
oktyabr 1999; rus dilində.)
* * *
"Milli Dram Teatrına görkəmli dramaturq İlyas Əfəndiyevin adı verilsin" adlı məlumatda teatrın direktoru və bədii rəhbəri, xalq artisti Həsənağa Turabovun belə bir təkliflə çıxış etməsi bildirilir.
("525-ci qəzet", 9 oktyabr 1999.)
* * *
"Xalqımızın görkəmli yazıçısı və dramaturqu, öz adını Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazmış İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş "Sən həmişə bizimləsən" kitabı "Gənclik" nəşriyyatı tərəfindən çapdan çıxıb. Oktyabrın 6-da Nizami muzeyində kitabın təqdimetmə mərasimi keçirilib. Ölməz sənətkar haqqında deyilən hər bir söz bu kitabda öz əksini tapıb.
Mahnısı da, ruhu da Şuşa dağlarında qalan, XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli xadimlərindən biri İlyas Əfəndiyevə həsr olunmuş bu qiymətli kitabı hazırlayanların hamısına və eləcə də "Gənclik" nəşriyyatına öz adımızdan və çoxminli oxucularımız adından minnətdarlığımızı bildiririk."
("Ədalət" qəzeti, 9-11 oktyabr 1999.)
* * *
İlyas Əfəndiyev... "sovet rejiminin hökm sürdüyü ağır bir vaxtda qadağa olunmuş mövzuları cəsarətlə ədəbiyyatımıza gətirə bilmişdir. İlyas Əfəndiyevin klassikliyi ilə bütün dövrlərdə sevilən əsərləri M.Əzizbəyov adına Akademik Milli Dram Teatrının səhnəsində həmişə uğurla qarşılanmışdır. Təsadüfi deyil ki, teatr artıq bir neçə ildir ki, mövsüm açılışına onun əsərləri ilə başlayır."
Zümrüd Bayramova
("Səs" qəzeti, 10 oktyabr 1999.)
* * *
"Unudulmaz sənətkarımız, xalq yazıçısı, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi İlyas Əfəndiyevi bizdən üç ilin zaman kəsiyi ayırır. Amma bu üç ildə qədirbilən xalqımız, sənətsevərlərimiz bir an da olsa İlyas Əfənliyevsiz olmayıblar. Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun kimi dramaturqlardan sonra estafeti şərəflə daşıyan, teatr tariximizin böyük bir mərhələsini təşkil edən 40 yaşlı "İLYAS ƏFƏNDİYEV TEATRI" həmişəyaşardır, əbədidir."
("Ekran - efir" qəzeti, 18-24
oktyabr 1999.)
* * *
"... çox maraqlıdır ki, Azərbaycanda Milli Dram Teatrında 10 illər uzunu demək olar ki, bir az şişirtmədən deyirəm, müasir mövzulu əsərlər İlyas Əfəndliyevin çiynində dayanıb. Və Elçinin də bir növ ailə ənənələrini davam etdirməsi mənə çox xoşdur, son vaxtlar mən onun bir neçə tamaşasına baxmışam. Xüsusən "Ah, Paris, Paris" əsərindən sonra, Elçinin səhnədə satira, yumor qabliyyəti, ən ciddi müasir hadisələrə satira, yumor gözü ilə baxa bilməsi məni sevindirir."
Sabir Rüstəmxanlı
("Reytinq" qəzeti, 20-21 oktyabr 1999.)
* * *
Qəzet İlyas Əfəndiyevin vaxtıyla yazdığı "Milli mədəniyyətimiz haqqında düşüncələr" adlı böyük publisistik məqaləsini əhatəli ön söz ilə yenidən dərc etmişdir. Ön sözdə deyilir:
"Tale məni İlyas Əfəndiyevlə rastlaşdıranda o, Azərbaycan milli dramaturgiyasının klassiki idi. O vaxta qədər mən İlyas müəllimi qiyabi tanıyır, əsərlərini böyük həvəslə oxuyardım. Biz qohum olsaq da, əvvəllər onu görmək mənə qismət olmamışdı. Nənəm Nazlının dediyinə görə, anası bəy qızı idi və o vaxtlar Füzuli rayonunda yeganə ikimərtəbəli bağlı-bağatlı imarət İlyasın atasına məxsus idi. İlyas uşaqlığından həmyaşıdlarından seçilərdi. Oxumağı və yazmağı erkən yaşlarından öyrənmişdi. Nənəmin dediyinə görə, İlyas xəyalpərvər, az danışan, heç yerdə, heç kimə əyilməyən məğrur bir oğlan uşağı idi. Haqsızlığı sevməz, həmişə zəifləri, köməyə ehtiyacı olanları müdafiə edərdi. Sovet hökuməti qurulanda başqa bəy ailələri kimi, onların da mülklərini əllərindən alıb var-yoxlarını müsadirə etdilər. Qarlı-çovğunlu bir qış günündə həyətə atılmış ailə kiçik bir çadıra sığışdığı halda, İlyas buna etiraz əlaməti olaraq, çadıra girmək istəmir. Sonralar o ömrünün axırına kimi bu xasiyyətini özündə saxlamışdı və Sovet hökuməti, Sovet quruluşu ilə barışa bilmədi. Lakin buna baxmayaraq İlyas Əfəndiyev sənətin, bədii fikrin zirvəsinə qalxa bildi. Hələ sağlığında milli dramaturgiyamızın klassiki ola bildi. Şöhrəti Azərbaycanın hüdudlarını aşaraq bütün Şərqə yayıldı."
Yusif Əhmədov
("Həqiqətlər və faktlar" qəzeti,
22-29 oktyabr 1999.)
* * *
"İlyas Əfəndiyev... Bu adı xatırlamaq kifayətdir ki, ədəbiyyatımızın son 60 ildə keçdiyi inkişaf yolu barədə düşünək, geriyə baxıb bu yolda İlyas Əfəndiyevin xidmətlərinin danılmaz olduğunu yalda salaq. Və irəliyə baxıb bu böyük sənətkarın nəsillərə yadigar qoyduğu ədəbi irsin yaşarılığı və ölümsüzlüyü qənaətinə gələk. Biz, adətən, həyatdan nakam gedən sənətkarların itgisinə təəssüf hissi keçiririk, yarımçıq ömürlər, yazılmamış əsərlər duyğulandırır bizi. Bəs, niyə uzun ömürlü (82 yaş) qocaman İlyas Əfəndiyevin ölümü bizi bir bu qədər ağrıdır, göynədir? Başlıcası, ona görə ki, İlyas Əfəndiyev böyük yazıçı olduğu kimi, böyük də şəxsiyyət idi. Çünki İlyas Əfəndiyev kimi şəxsiyyətlər tez-tez yetişmir."
Vaqif Yusifli
("Ədəbiyyat qəzeti", 22 oktyabr 1999.)
* * *
"Sizə deyim, İlyas Əfəndiyev... ingilisin, isveçin olsaydı, o da Nobel mükafatı alardı."
Vaqif Bayatlı Önər
("Haqq yolu" qəzeti, 27 oktyabr 1999.)
Səhifələr : 1 2 3 4 5 6 7 8