KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

 

1 9 9 9 / səhifə 8

Səhifələr : 1 2 3 4 5 6 7 8

 

 

 

"İlyas Əfəndiyevin yaradıcılığı XX əsr ədəbiyyatımızda hələ də tam qiymətini almamış bir mərhələdir.

... XX əsr milli dramaturgiyanın, teatr sənətinin, rejissorluq məktəbinin, aktyor nəslinin inkişafında İlyas Əfəndiyevin bənzərsiz pyeslərinin əvəzsiz rol oynadığı şəksizdir.

... Azərbaycan ədəbiyyatı onun simasında yalnız qüdrətli dramaturq deyil, eyni zamanda qeyri-adi istedadı ilə seçilən nasir tapmışdı.

... Görkəmli ədəbiyyatşünas Yaşar Qarayev haqlı qeyd edir ki, "Azərbaycan tarixi barədə klassik sənədlər -- yeddi "Qarabağnamə" var. Bütünlükdə İlyas Əfəndiyevin yaradıcılığını mən səkkizinci "Qarabağnamə" hesab edirəm."

 

Arif Əmrahoğlu

("İki sahil" qəzeti, 27 noyabr 1999.)

 

*   *   *

 

"Biz Nizami və Füzuli ilə, M.F.Axundov və C. Məmmədquluzadə ilə, S.Vurğun və R.Rza ilə, Ü.Hacıbəyov və Y.Məmmədəliyev ilə, Q.Qarayev və F.Əmirov ilə fəxr etdiyimiz kimi, İlyas Əfəndiyevin yaradıcıdlığı ilə də öyünür və fərəh hissi keçiririk."

 

Əmin Əfəndiyev

("Azərbaycan" qəzeti, 27 noyabr 1999.)

 

*   *   *


"... İlyas Əfəndiyevdə həqiqi klassiklərə xas olan böyük cəsarət var idi. O, müasir mövzudan yazanda da, tarixə müraciət edəndə də, hətta sırf ailə-məişət mövzularını işləyəndə də böyük cəsarətlilik nümayiş etdirirdi.

... Mən İlyas Əfəndiyevin yeni əsərlərinin çoxunun müzakirələrində iştirak etmişəm. Bu müzakirələr bir qayda olaraq qızğın mübahisələrlə müşaiyət olunurdu. Burada təbii iradlarla, təkliflərlə yanaşı ittihamlar daha ucadan eşidilirdi. Böyük qələm ustası "Həyat həqiqətlərini təhrif etməkdə", "Siyasi sarpıntılara yol verməkdə", "Sosialist realizmi prinsiplərindən uzaqlaşmaqda", hətta "Cəmiyyətə qara yaxmaqda" və s. ittiham olunurdu... İlyas müəllim isə bəzən sakit, bəzən isə əsəbi halda qəti fikrini bildirirdi. Fikirlərini sübut üçün dünya ədəbiyyatının klassik və müasir nümayəndələrindən misallar gətirirdi. Bu misallar bir tərəfdən ədib-dramaturqun haqlı olduğunu, digir tərəfdən də onun son dərəcə geniş mütaliə mədəniyyətini  sübut edirdi. Məşhur xarici ölkə yazıçılarının rus dilinə tərcümə olunan az-az roman, povest, hətta hekayəsi tapılardı ki, İlyas müəllim onları oxumamış olsun.

... İlyas Əfəndiyev məhəbbətində də, nifrətində də dəyişməz idi. Çox danışmağı sevməzdi. Danışanda kiminsə inciyib-inciməməsindən asılı olmayaraq, mənalı danışırdı. Həqiqəti bütün çılpaqlığı ilə deyirdi. İkiüzlülüyün, riyakarlığın qənimi idi. İnsanları birsifətli görmək istərdi. Bunun əksini görəndə İlyas müəllimi tanımaq olmurdu. Bu mülayim, həlim təbiətli, ürəyi yumşaq insan sərtləşir, hətta qəzəblənirdi. Bir dəfə Bakı bağlarından birində təsadüfən İlyas müəllimə rast gəldim. Təzəcə hal-əhvallaşmışdıq ki, ikimizin də yaxşı tanıdığımız bir nəfər elmi işçi böyürdən çıxdı. Salam verdi. İlyas müəllim onun salamını soyuq aldı. Söhbət qızışmamışdan İlyas müəllim açıldı: "- Ə, sənin o qohumun nə alçaq adamdır, - dedi.... Bir həftə bundan qabaq filan yazıçının filan əsərini mənim yanımda pisləyirdi. İndi mətbuatda tərifləyib dağların başına qaldırıb. Bəs, beləsinə nə deyəsən?!"

 

Famil Mehdi

("Ədalət" qəzeti, 27-29 noyabr 1999.)

 

*   *   *

 

Dekabrın 4-də Azərbaycan Televiziyası ilə İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərinin televiziya tamaşasının nümayiş etdiriləcəyi barədə ayrıca məlumat verilmişdir.

 

("Ekran - Efir" qəzeti, 29 noyabr 1999.)

 

*   *   *

 

"Sən həmişə bizimləsən" kitabı haqqında məqalə yazmış müəlliflər görkəmli sənət adamlarının İlyas Əfəndiyev haqqında fikirlərini nümunə gətirir və yazırlar: "Bunlar gəlişigözəl ifadələr yox, 20 əsəri səhnədə uğurla tamaşaya qoyulmuş, istedadlı aktyor və rejissorlar nəslinin yetişdirilməsində misilsiz xidmətlər göstərmiş, Azərbaycan ədəbiyyatı kimi zəngin bir xəzinədə "İlyas Əfəndiyev məktəbi" yaratmış bir yazıçının əməyinin tutarınca qiymətləndirilməsi üçün diqqətlə, məsuliyyətlə seçilən sözlərdir."

 

Ramiz Bilalov

Mirəvəz Rəhimov

("Ad günü" qəzeti, noyabr 1999.)

 

*   *   *

 

"Bu gün anadan olmasının 85 illik tarixini qeyd etdiyimiz geniş düha, parlaq istedad sahibi olan İlyas Əfəndiyevin sənətkar ömrü hey şübhəsiz ki, uzun illər boyu yaşayacaqdır.

... İllər keçəcək, İlyas Əfəndliyevin dahiliyi, fikirlərinin bəşəriliyi, humanist mahiyyəti özünü daha qabarıq şəkildə göstərəcək, milli mədəniyyətimiz tarixində parlaq səhifə kimi nəzəri cəlb edəcək, xalqımıza və onun sənətinə ehtiramı artıracaqdır."

 

İnqilab Kərimov

("Azərbaycan müəllimi" qəzeti,

 2-8 dekabr 1999.)

 

*   *   *

 

Rejissor Mərahim Fərzəlibəyovdan bəhs edən yazıda deyilir: "... Buna o faktı da əlavə eləyək ki, ünlü dramaturqumuz İlyas Əfəndiyev öz əsərlərini məhz bu rejissora həvalə eləməyə üstünlük verərdi."

 

("Azadlıq" qəzeti, 7 dekabr 1999.)

 

*   *   *

 

"İlyas Əfəndiyev yaradıcılığında yeni, daha sürəkli və məshuldar bir mərhələ 60-cı illərdə başlanır. Əslində ədibin yaradıcılığındakı bu yeni mərhələ həm də bütün ədəbiyyat, bədii fikir səviyyəsində yeni bir mərhələ olmuşdur. Ədəbi mərhələnin ilk çağlarında İlyas Əfəndiyev öz yeni yaradıcılıq axtarışlarını, bədii müasirlik konsepsiyasını nəsrdə, nəsrin xüsusi ilə iri formasında -- roman janrında ifadə edir. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost" əsərlərini, bir sıra hekayələrini ("Yun şal" və s.) (bu heayə 195 -ci ildə yazılmışdır- tərt.) yazır.

... Hər bir böyük yazıçı kimi, İlyas Əfəndiyev də öz dövrünün ədəbi prossesinə, ədəbi düşüncəsinə qüvvətli təsir göstərmiş sənətkarlardandır.

...Tam əsasla israr edə bilərik ki, əgər, 20-30-cu illərdə Azərbaycan tearı əsas etibarı ilə H.Cavid və C.Cabbarlı dramaturgiyası əsasında inkişaf edir, öz ideya-fəlsəfi axtarışlarını və prinsiplərini dərinləşdirirdisə, müharibədən sonrakı illərdə, xüsusən 60-80-ci illərdə, yəni ədəbiyyatımızın çox mürəkkəb bir mərhələsində milli teatr daha çox İlyas Əfəndiyevin dramaturgiyasında özünü tapır, öz daxili mənəvi və sənət imkanlarını genişləndirir."

 

Şamil Salmanov

("Xalq qəzeti", 7 dekabr 1999.)

 

*   *   *

 

 Müəllif 1990-cı ilin ortalarında Azərbaycan Dövlət Akademik Dram Teatrının İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" və "Bizim qəribə taleyimiz" əsərləri ilə Türkiyə qastrolunu xatırlayaraq yazır: "Ankarada son tamaşadan sonra verilən ziyafət zamanı Türk Dünyası Araşdırmaları Vəqfinin sədri, professor Turan Yazqanın çıxışı indi də qulaqlarımda səslənir: "Gördüyünüz kimi, həm İstanbulda, həm də Ankarada oynayanlar və seyrçilərin ürəyincə olan bir uğur qazanılmışdır. Bu müvəffəqiyyət yalnız dramaturqun, yalnız rejissorun, yalnız teatrın bədii rəhbərinin, səhnə işçilərinin müvəffəqiyyəti deyil. Bu müvəffəqiyyət əslində Azərbaycanındır".

İstanbul səfərindən sonra İlyas müəllimlə görüşdük. Tamaşaların necə keçməsi ilə maraqlandı. Mən gördüklərimi bütün təfərrüatı ilə ona danışdım. Tamaşanın gedişatının ən kiçik detallarına qədər ona məlumat verdim.

Çox keçmədi ki, "Ədəbiyyat və incəsənət" qəzetində İstanbul səfərindən və tamaşaların uğurundan bəhs edən bir qəzet səhifəsi həcmində yazı ilə çıxış etdim. Məndən əvvəl isə Nəriman müəllim (söhbət qəzetin o vaxtkı Baş redaktoru Nəriman Həsənzadədən gedir- tərt.) təxminən bir səhifəlik yazı ilə çıxış etmişdi. Yazımın ikinci hissəsi olan "Ankara görüşləri" isə qəzetin gələn sayında dərc olunmalı idi. Amma nə qədər acı olsa da, deməliyəm ki, İlyas Əfəndiyev kimi böyük dramaturqu da gözü götürməyənlər, onun bu uğuruna sevinməyənlər tapıldı. Qəzetə təzyiq göstərildi. Onda hələ sovet hakimiyyəti mövcud idi, belə təzyiqlər üçün inzibati yollar vardı. Birgə işlədiyimiz dövrdə məni haqsız hücumlardan qoruyan Nəriman müəllim yanına çağırdı. Həmişə belə hallarda olduğu kimi, sifəti qaralmışdı.

- Bilirsən, sənin yazının ikinci hissəsini çap edə bilməyəcəyik. Qoymurlar. Nə edək?

Onun vəziyyətini başa düşürdüm. Əgər, mən təkid edib, bu haqda İlyas müəllimə xəbər versəm, onda Nəriman müəllim ya yazıya mane olanlarla düşmən, ya da İlyas müəllimlə incik olacaqdılar. Ona görə dedim:

- Canınız sağ olsun, Nəriman müəllim. Vaxt gələr çap etdirərik.

Deyəsən, inciməməyim onu sakitləşdirdi. Gülümsündü:

- Şahin müəllimlə danışmışam, apar ver ona ("Azərbaycan müəllimi" qəzetinin redaktoru Şahin Səfərovu deyirdi).- sonra yarızarafat, yarıgerçək əlavə etdi: - Sənin xətrin üçün biz də onun iki hekayəsini verərik.

Beləliklə, mənim görkəmli sənətkarın əsərlərinin Ankarada necə qarşılanmasından bəhs edən "Ankara görüşləri" adlı yazım "Azərbaycan müəllimi" qəzetində işıq üzü gördü."

 

Atababa İsmayıloğlu

("Azərbaycan müəllimi" qəzeti,

9 - 15 dekabr 1999.)

 

*   *   *

  

Rejissor Mərahim Fərzəlibəyovun 50 illik yubiley gecəsindən bəhs edən yazıda deyilir: "Rejissor qeyd etdi ki, onun üçün belə bir əlamətar gündə mərhum dramaturq İlyas Əfəndiyevin onunla birlikdə olmasını çox arzulayırdı, bir çox sənət adamı kimi, Fərzəlibəyov yaradıcılığının da əsas qayəsi məhz bu dramaturqun adı ilə bağlıdı. Yəqin elə buna görə də onu "İlyas Əfəndiyev teatrı"nın davamçılarından hesab edirlər."

 

Nailə

("525-ci qəzet", 10 dekabr 1999.)

 

*   *   *

 

"Milli sənət ocaqlarımızda müxtəlif əsərlərə quruluş verən rejissorun (Mərahim Fərzəlibəyov nəzərdə tutulur- tərt.) görkəmli dramaturq İlyas Əfəndiyevlə yaradıcılıq işləri uğurlu oldu."

 

A.İsmayıloğlu

("Respublika" qəzeti, 11 dekabr 1999.)

 

*   *   *

 

Azərbaycan Dövlət Universitetinin 80 illiyinə həsr olunmuş elmi konfransda "Müasir Azərbaycan dramaturgiyasının aktual problemləri" mövzusunda söylənmiş məruzənin tezislərindən:

"6. Azərbaycan dram və teatr məktəbləri; M.F.Axundov, N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, S.Vurğun, İ.Əfəndiyev və b."

"8. Dram ədəbiyyatının ziddiyyətləri. "Sosialist realizmi"nin təsiri. Dramaturgiyada istiqlal məfkurəsinin, azadlıq hərəkatının geniş yer tutması. Tarixə, tarixi şəxsiyyətlərə meylin güclənməsi, İlyas Əfəndiyev teatr-dramaturgiyası. İnsanın mənəvi-psixoloji cəhətdən kəşfi."

 

A.Ə.Abasov

Bakı Dövlət Universiteti, 80.

Elmi konfransın materialları,

Bakı, 1999, səh. 401.

 

*     *     *

 

"60-cı illərin əvvəllərində ən geniş ədəbi mübahisəyə səbəb olan əsərlərdən biri İlyas Əfəndiyevin "Körpüsalanlar" povesti idi. Ədəbiyyatşünaslıq və ədəbi tənqidimiz bu barədə kifayət qədər yazmış, "Səriyyə məsələsi"ni hərtərəfli şərh etmişdir. (Bax: Elçin. "Tənqid və nəsr" monoqrafiyasının "Səriyyə məsələsi" bölməsi -- müəllifin "Tənqid və ədəbiyyatşünaslığımızın problemləri" kitabında, "Yazıçı", Bakı, 1981, s. 174 - 189.)

 

Tehran Əlişanoğlu

(Azərbaycan nəsri rosrealizm çevrəsində,

Bakı, "Elm", 1999, səh. 87.)

 

                                              

 


Səhifələr : 1 2 3 4 5 6 7 8

 

 

 
   
 
       
     © Musigi Dunyasi, 2011