1 9 9 9 / səhifə 5
Səhifələr : 1 2 3 4 5 6 7 8
"Milli Dram Teatrı mövsümü sentyabrın 17-də İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşası ilə açacaqdır. Tamaşanın qurluşçu rejissoru Mərahim Fərzəlibəyovdur, baş rolları Əliabbas Qədirov və Bəsti Cəfərova ifa edirlər."
M.Hüseynova
N.Hüseynova
("Nedelya" qəzeti, 3 sentyabr 1999.)
* * *
"Yazıçı ömrü, ədəbiyyat tarixi" adlı məqalə İlyas Əfəndiyev haqqında "Sən həmişə bizimləsən" kitabına həsr olunub. Müəllif bu nəşri yüksək qiymətləndirərək yazır:
"Qələm, sənət, ədəbiyyat, mədəniyyət xadimləri, dostları onu "çağdaş ədəbiyyatımızın klassiki" (Hüseyn Abbaszadə), "indiki zamanda çıraqla axtarılan ziyalı" (Anar), "... dramaturgiyamızda xüsusi məktəb yaradan, 40 ildən çox teatrlarımızın repertuar ağırlığını çiynində daşıyan misilsiz korifey", (Polad Bülbüloğlu), "əfsanə, möcüzə" (Ramiz Məmmədzadə), "el məhəbbəti qazanmış xoşbəxt sənətkar" (Mirvarid Dilbazi), "məhəbbətin ustad tərənnümçüsü" (Kamal Talıbzadə), "zaman çərçivəsini qırıb parçalayan nadir yazıçılardan" (Nəbi Xəzri), "qüdrətli bir sənətkar, işıqlı bir ziyalı, bütün həyatı boyu yalnız və yalnız sözünə, sənətinə fanatik bir məhəbbətlə bağlı nadir bir yazıçı", (Cabir Novruz), "böyük sənətkarlardan biri və ən görkəmlisi" (Şəfiqə Məmmədova), "xalqın taleyində, tarixində xidmətləri və izi olmuş bir şəxsiyyət" (Mövlud Süleymanlı), "millətin yaddaşına ana dili ilə birgə həkk olunan insan, böyük ədib, unudulmaz və təkrarsız dramaturq" (Kamil Vəli Nərimanoğlu) adlandırırlar."
Mirəvəz Rəhimov
("Ədalət" qəzeti, 4-6 sentyabr 1999.)
* * *
"Sən həmişə bizimləsən" adlı məqalədə İlyas Əfəndiyev haqqında eyni adlı xatirələr kitabından bəhs edilir və nəşrə yüksək qiymət verilir. Müəllif yazır:
"İlyas Əfəndiyevin yaradıcılığının əsas hissəsi sovet imperiyası dövrünə təsadüf edir. Sənətkarın da böyüklüyü ondadır ki, sovet rejimi şəraitində milli dəyərləri ön plana çəkə bilib, sədaqət, ülvilik, dözümlük, cəsarətlilik, prinsipiallıq kimi hisslərin yaranmasına xidmət edən əsərlər yazıb. Təsadüfi deyl ki, məhz bu xidmətlərinə görə müstəqil Azərbaycanın "Şöhrət" ordenini alan ilk sənətkar da İlyas Əfəndiyev olub.
Böyük dramaturqun vəfatının üçüncü ildönümü ərəfəsində "Sən həmişə bizimləsən" adlı kitabın nəşri İlyas Əfəndiyevin xatirəsinə, onun pərəstişkarlarına gözəl hədiyyədir."
Mirəvəz Rəhimov
("Azadlıq" qəzeti, 9 sentyabr 1999.)
* * *
"Əsası Mirzə Fətəli Axundovun pyesləri ilə qoyulan Akademik Milli Dram Teatrı 125 illik fəaliyyəti dövründə iki dramaturqla daha məhsuldar işləmişdir: Cəfər Cabbarlı və İlyas Əfəndiyevlə. Bu gün yeni mövsümü də teatr İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsərinin tamaşası ilə açır."
İlham Rəhimli
("Ədəbiyyat və incəsənət", 17 sentyabr 1999.)
* * *
"Sentyabrın 17-də Milli Akademik Dram Teatrında mövsüm açılışı oldu. Artıq bizə məlumdur ki, ənənəvi olaraq mərhum sənətkarımız İlyas Əfəndiyevin dramaturgiyasına müraciət edərək, teatr mövsümü böyük sənətkarın ölməz əsərləri ilə başlayır. Bu il də ənənəsinə sadiq qalan teatr İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşasına müraciət edib. Bu teatrın səhnəsində dramaturqun neçə-neçə əsərinə quruluş verilərək səhnə həyatı yaşamışdır: "Natəvan", "Bizim qəribə taleyimiz", "Şeyx Xiyabani", "Sevgililərin cəhənnəmdə vüsalı", "Ağıllılar və dəlilər", "Tənha iydə ağacı" və s. Sənət aləmində, teatrın fəaliyyətində İlyas Əfəndliyevin özünəməxsus yeri, sözü vardır.
... Klassik dramaturgiya tamaşaçı üçün keçmişə səyahətdir. Dövrün qlobal problemləri öz ifadəsini həmin pyesdə tapır. "Hökmdar və qızı" tamaşasında biz bir daha torpaq, vətən məhəbbətinin şahidi oluruq... Öz aktuallığını itirməyən "Hökmdar və qızı" həmişəki kimi bu dəfə də böyük uğurla qarşılandı."
Zümrüd Bayramova
("Səs" qəzeti, 19 sentyabr 1999.)
* * *
"- İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasındakı uğurunuz uzun müddət dövri mətbuat səhifələrindən düşmədi. Ümumiyyətlə, oynadığınız hansı rollar ürəyinizcə olub?
- Aktyor üçün bütün rolları əzizdir."
Ofelya Məmmədzadə
("İki sahil" qəzeti, 22 sentyabr 1999.)
* * *
Bəxtiyar Vahabzadənin yaradıcılığından bəhs edən müəllif İlyas Əfəndiyevin şair haqqında fikirlərinə istinad edərək yazır: "İlyas Əfəndiyev böyük istedad olduğuna görə o, hər hansı istedadı hüceyrəsinə qədər tanıyır və sevirdi". Sonra İlyas Əfəndiyevdən belə bir sitat gətirilir: "O (əhli-qələm nəzərdə tutulur - tərt.), bəzən od tutub yanır, bəzən Proemetey kimi üsyankar, bəzən məsum uşaq kimi kövrək olur və bu zamanlar da onun lirikası insan qəlbini sarsıdan, ruhi aləmini təlatümə gətirən ülvi bir avazla səslənir. Və biz ona Şair deyirik.
Bəxtiyar Vahabzadə belə sənətkarlardandır."
Vaqif Yusifli
(Yollar hayana aparır. Bakı,
Gənclik, 1999, səh. 105.)
* * *
"Dəlilər və ağıllılar" görüşümüzə gəldi" adlı yazıda deyilir: "Sentyabrın 21-də Milli Dram teatrında "Dəlilər və ağıllılar" iki hissəlik dramatik komediya tanınmış aktyorlarımızın ifasında tamaşaçıların görüşünə gəldi. Tamaşanın qurluşçu rejissoru Mərahim Fərzəlibəyov, əsərin müəllifi isə İlyas Əfəndiyevdir. Rollarda Səyavuş Aslan, Kübrabəyim Əliyeva, Eldəniz Zeynalov, Zemfira Nərimanova, Sabir Məmmədov, Bəsti Cəfərova və başqaları iştirak edirdilər.
Əsərdə saf, cibi də vicdanı kimi təmiz, kasıb insanlarla, özünü elita adlandıran, zahirən "parıltılı", əslində isə çirkab bir həyat tərzi yaşayan insanlar qarşı-qarşıya qoyulmuşdur."
Şəhla
("Millət" qəzeti, 25 sentyabr 1999.)
* * *
Milli Akademik Dram teatrında yeni mövsümün açılışı ilə bağlı yazıda deyilir: "Mövsüm teatrın və tamaşaçıların sevimlisi, gözəl dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşası ilə açıldı. Mərahim Fərzəlibəyovun quruluş verdiyi tamaşada Əliabbas Qədirov, Bəsti Cəfərova, Ramiz Məlik, Səyavuş Aslan, Həsən Məmmədov və başqaları çıxış etdilər. Bu tamaşanın 50 dəfədən artıq getməyinə baxmayaraq artistlər onu premyeradakı tək həvəslə oynadılar"
Sevinc Yaftumova
("Bakinskiy raboçiy" qəzeti,
25 sentyabr 1999.)
* * *
"Teatrın yaxşı dramaturqa həmişə ehtiyacı olub. Bizdə Axundov teatrı, Cabbarlı, Cavid teatrı, İlyas Əfəndiyev teatrı deyilən məfhumlar boş-boşuna əmələ gəlməyib. Çünki milli teatrımız zaman-zaman bu dahi söz ustalarının çiynində formalaşıb."
Ədalət Vəliyev
("Azərbaycan" qəzeti, 28 sentyabr 1999.)
* * *
"Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı sentyabr ayının 17-də 126-cı mövsümünü açdı. Artıq 4-cü ildir ki, teatr mövsümə İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşası ilə başlayır."
("Ədalət" qəzeti, 2-4 oktyabr 1999.)
* * *
"Akademik Dram Teatrının mətbuat xidmətindən aldığımız məlumata görə, teatrın kollektivi səyyar tamaşaya hazırlaşır. Mərdəkan qəsəbəsində oynanılacaq səyyar tamaşanın repertuarında İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi durur. Baş rollarda Əliabbas Qədirov, Bəsti Cəfərova, Həsən Məmmədov oynayacaqlar. Tamaşanın qurluşçu rejissoru Mərahim Fərzəlibəyovdur. Səyyar tamaşanın oynanılması oktyabrın 5-nə nəzərdə tutulub.
("Respublika" qəzeti, 3 oktyabr 1999.)
* * *
Şair yeni çıxmış kitabında vaxtı ilə İlyas Əfəndiyevin 70 illiyinə həsr etdiyi "Yüz il yaşamağa haqqın var sənin" adlı şeri nəşr etdirmişdir:
Bələyə bükəndə səni Qarabağ,
Bir qartal lələyi taxdı qundağa.
Qəlbinə od verdi halal bir ocaq,
Bir gün iməkləyib qalxdın ayağa.
Baxtını yazmışdır o dağlar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Dünyanı qanlı bir tufanda gördün,
Dağlar sinə gərdi ildırımlara.
Nalə də eşitdin, hicran da gördün,
Yolun dikəlsə də sıldırımlara.
Əlindən tez tutdu bu diyar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Torpağa kök atıb, eldən güc aldın,
Sal qayalar kimi bərkidi dizin.
Tufanlar önündə göyə ucaldın,
Yaşıl yarpaq kimi açıldı sözün,
Budağın gətirdi təzə bar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Misri qılınc verib döyüşən sözə,
Yamanın, yalanın bağrını yardın.
Tamahı qul kimi çökdürüb dizə,
Büllur sarayları viran qoyardın,
Olsaydı əlində ixtiyar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Düşmədin dalınca şöhrətin, adın,
Çeşmədən durusan, aydan arısan.
Yaratmaq eşqindən sən ki, doymadın,
Baharın, gəncliyin nəğməkarısan.
Saçına yağsa da vaxtsız qar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Min il yaşamağa haqqın var sənin!
(Hüseyn Kürdoğlu. Ziyalımız -
ziyamız, Bakı, "Ozan", 1999. səh. 17.)
Səhifələr : 1 2 3 4 5 6 7 8