1 9 9 9 / səhifə 3
Səhifələr : 1 2 3 4 5 6 7 8
Şükufə adlı müəllifin Ə.Hüseynzadə adına Azərbaycan dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq və aktyor sənəti müəllimi Yaqut Mehdiyevanın İlyas Əfəndiyevin "Odlu səhradan gəlmiş şeytan və ya bir stəkan su" pyesinin tamaşaya qoyulması barədə məlumat verilmişdir.
("Bakı" qəzeti, 21 may 1999.)
* * *
Orta məktəbin 10-cu sinifində oxuyanda, biz məktəb kollektivi ilə birlikdə Akademik Milli Dram Teatrında "Büllur sarayda" (İlyas Əfəndiyev- tərt.) tamaşasına baxdıq. Daha doğrusu, əvvəldən bu sənətə marağım var idi. Amma tamaşaya baxdıqdan sonra, yəqin etdim ki, həqiqətən də bu sənətə ürəyimdə məhəbbət var. Orta məktəbi qurtardıqdan sonra, 1985-ci ildə sənədlərimi İncəsənət İnstitutuna verdim... 1994-cü ildə Mərahim Fərzəlibəyovun və böyük dramaturqumuz İlyas Əfəndiyevin "Qaçaq Süleyman" tamaşasında (televiziya filmində- tərt.) çəkildim."
Kazım Həsənquliyev
("Səs" qəzeti, 23 may 1999.)
* * *
Müəllif 1997-ci il avqustun 20-də "525-ci qəzet"də dərc etdirdiyi "Unudulmaz İlyas Əfəndiyevin xatirəsinə..." adlı essesini kitaba daxil etmişdir.
Afaq Məsud
(Roman, esse, hekayə. Bakı, Azərbaycan
Tərcümə mərkəzi, 1999, səh. 538-540.)
* * *
Hüseyn İbrahimovun 80 illiyinə həsr olunmuş məqalədə müəllif bir sıra Azərbaycan yazıçılarının doğulub boya-başa çatdıqları doğma yurdları sadalayaraq "İlyas Əfəndiyevin yaradıcılıq taleyində Qarabağ nədirsə, hansı mövqeyi tutursa", Naxçıvandan olan yazıçıların da yaradıcılıq taleyində "Naxçıvan, Ordubad, Nursu kəndi, Əylis və Şaxtaxtı odur, eyni əhəmiyyətə malikdir"- yazır.
İsa Həbibbəyli
("Ədəbiyyat qəzeti", 28 may 1999.)
* * *
"Günlərin birində mərhum dramaturq İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" televiziya tamaşasında görkəmli aktyorlarımız Rasim Balayev, Muxtar Maniyev və Səfurə İbrahimova ilə yanaşı gənc bir qız da göründü. Nargilə kimi tamaşaçıların yaddaşında qalan Məlahət Abbasova...
- Məni xatırladığınız üçün sizə dərin minnətdarlığımı bildirirəm. Sözlərimi Nargilənin sözüylə bitirmək istəyirəm: "Harada olursunuzsa, olun, mən hər zaman sizinləyəm."
Məlahət Abbasova
("525-ci qəzet", 5 iyun 1999.)
* * *
"İlk rolumu mən 1964-cü ildə 18 yaşındaykən oynamışam. Həmin rol İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" əsərində Nargilə surəti idi. Bu, o zaman lirik-psixoloji janrda bir çevriliş idi, bizim səhnədə ilk dəfə olaraq mən öz yaşdaşımın rolunu oynadım... Sonralar məşhur dramaturq İlyas Əfəndiyevlə məni dostluq münasibətləri birləşdirirdi. Bu yaradıcılıq əlaqələri çox məhsuldar oldu. Mən onun bütün tamaşalarında iştirak etdim."
Amalya Pənahova
("Panorama" (rus dilində) qəzeti,
11 iyun 1999.)
* * *
"Müasir Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyov və Qara Qarayev, Fikrət Əmirov və Niyazi, Bülbül və Rəşid Behbudov, Səttar Bəhlulzadə və Fuad Əbdürrəhmanov, Səməd Vurğun və Rəsul Rza, Mirzə İbrahimov və İlyas Əfəndiyev kimi korifeyləri bir çox şedevrlər yaratmışlar və bugünkü Azərbaycan mədəniyyət qalaktikasını, müasirlərimizin daxili aləmini bunlarsız təsəvvür etmək mümkün deyil."
Akif Məlikov
("Bakinskiy raboçiy", 10 iyun 1999.)
* * *
Kitabda "Yazıçılarımızın həyatından məzəli əhvalatlar" dərc edilmişdir. Qılman İlkin belə bir əhvalatı qələmə alıb:
"QISA MƏZMUNUNU DANIŞA
BİLMƏZSƏN?
İlyas Əfəndiyev Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyən zamanlarda bir nəfər onun yanına gəlib deyir:
- İlyas müəllim, bir hekayə yazmışam. İstəyirəm onun barəsində fikrinizi öyrənim.
- Nə olar. Oxu görək.
Müəllif oxuyur. Çox bərbad bir dildə, qarışıq şəkildə yazılmış hekayədən İlyas müəllim heç bir şey başa düşmür. Qulaq asmaqdan yorulur. Az qalır ki, mürgü də vursun.
Müəllif hekayəni oxuyub qurtardıqdan sonra, gözlərini İlyasa zilləyib ondan rəyini gözləyir:
- İlyas müəllim, necədir?
İlyas isə cavabında deyir:
- Bala, olmaz ki, qısa məzmununu danışasan, başa düşüm."
(Yazıçı gülüşü, Bakı, 1999, səh. 16.)
* * *
"Amalya xanımın profesional səhnə həyatı Nargilədən başlayıb. 1964-cü ildə Akademik Teatr səhnəsində İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesi tamaşaya qoyulurdu.
Tamaşanın qurluşçu rejissoru Tofiq Kazımovla İlyas Əfəndiyev əsərin baş qəhrəmanı, mürəkkəb emossional psixologiyaya malik 18 yaşlı Nargilə obrazını yaratmaq üçün aktrisa axtarırdılar. Çox axtarışdan sonra, İncəsənət Universitetinin II kurs tələbəsi, teatr səhnəsində kiçik rollarda çıxış eddən 18 yaşlı Amalya Pənahovanın üzərində dayandılar. O, sadə görünüşlü, yaraşıqlı, zərif bir qız idi. A.Pənahovanı tapıb bu rola dəvət edənlər yanılmamışdılar. Nargilə obrazı ilə ürəkləri fəth etdi, tamaşaçı qəlbini ovsunladı Amalya Pənahova.
İlyas Əfəndiyev sonralar bütün əsərlərindəki baş qadın obrazlarını məxsusi onun üçün yazırdı...
Onun (Amalya Pənahovanın - tərt.) səhnə mədəniyyətinə, yaratdığı obrazı duyub dərindən qavramaq bacarığına, böyük emossinal gücə, yüksək pafos və qüvvəyə malik olduğunu görən İlyas Əfəndiyev yazırdı: "Bir sənətkar kimi, Amalya Pənahovanı səciyyələndirən bir sıra təqdirəlayiq cəhətlər var. Məsələn, o heç zaman qazandığı müvəffəqiyyətlərlə kifayətlənib yerində saymır. İstedadı daim onu yeni-yeni axtarışlara, yeni müvəffəqiyyətlərə sövq edir..."
O təkcə İlyas Əfəndiyevin əsərlərində 1500 nəfərdən artıq böyük sənətkarlıqla oynamışdır..."
Adilə Qocayeva
("İki sahil", 15 iyun 1999.)
* * *
"Mərahim müəllim (Fərzəlibəyov- tərt.)... İlyas Əfəndiyevin altı pyesinin səhnə təcəssümünü vermiş, tamaşaçı auditoriyasının rəğbət və məhəbbətini qazanmışdır."
("Günay" qəzeti, 26 iyun 1999.)
* * *
"- Milli teatrda quruluş verdiyiniz ilk əsər hansı oldu?
- İlyas Əfəndiyev "Xurşidbanu Natəvan" pyesini mənə təqdim etdi. Baxmayaraq ki, çox böyük rejissorlarımız var idi... Bu əsərin başı bəlalı oldu. Belə ki, 25 il idi bu teatra yeni rejissor ayağı dəyməmişdi. Ona görə də bu əsərə quruluş verməkdə mən qalib gələ bilmədim. Elə oldu ki, İlyas müəllim xəstəliyi ilə əlaqədar Moskvaya getdi. Bundan istifadə edən bir neçə nəfər bu tamaşanı dayandırdı. Lakin İlyas müəllim qayıdıb gələndən sonra mən yenidən bu əsəri işlədim. Və bu gün sizin televiziyada gördüyünüz "Xurşidbanu Natəvan" tamaşasının rejissoru mənəm. Ondan sonra başladım dalbadal tamaşalar hazırlamağa."
Mərahim Fərzəlibəyov
("İki sahil" qəzeti, 26 iyun 1999.)
* * *
"Bir aktyor kimi taleyimdə mərhum yazıçımız İlyas Əfəndiyev yaradıcılığının əvəzsiz xidməti olub."
Əliabbas Qədirov
"Naxçıvan" qəzeti, 29 iyun 1999.)
* * *
"O (Mərahim Fərzəlibəyov- tərt.) Dram Teatrında işlədliyi müddət ərzində görkəmli dramaturqumuz İlyas Əfəndiyevin on beşdən çox müxtəlif səpgili, tarixi və çağdaş dövrümüzü əks etdirən əsərinə quruluş vermişdir."
Vüsalə
("Naxçıvan" qəzeti. 30 iyun 1999.)
* * *
Aktrisa Səidə Quliyeva ilə müsahibədə bildirilir ki, o, ilk rolunu İlyas Əfəndiyevin "Atayevlər ailəsi" əsərində yaradıb və bu obraz ona uğur gətirib.
("Ulus" qəzeti, 3-7 iyul 1999.)
* * *
"- İlk rolunuzu necə xatırlayırsınız?
- İlk rolumu Ağdam Teatrının səhnəsində oynamışam. Bu, İlyas Əfəndiyevlə Mehdi Hüseynin "İntizar" pyesində Xaspolad obrazı olub. Bu rolun sözləri hələ də yadımdadır."
Ramiz Əliyev
("Millət" qəzeti, 10 iyul 1999.)
* * *
"Bir tənqidçi kimi, S.Əsədullayevin məqalələri həmişə səviyyənin yüksəkliyi və obyektivliyi ilə seçilmiş və mübahisəli məsələlərə elmi-nəzəri aydınlıq gətirməklə yanaşı fikir ixtilaflarına son qoymuşdur. Buna tənqidçinin İlyas Əfəndliyevin "Körpüsalanlar" povesti haqqında "Bakinski raboçi" qəzetində dərc etdirdiyi məqalə yaxşı misaldır."
Xeyrulla Məmmədov
("Azərbaycan müəllimi", 29
iyul - 4 avqust 1999.)
* * *
"Yusif Əhmədov:
- Abbas bəy, axırıncı dəfə biz beş il əvvəl İstanbulda Alman hospitalında görüşdük. Sən Azərbaycanın İstanbul baş konsulu kimi xəstəxanada öz vətəndaşına, yəni mənə baş çəkməyə gəlmişdin.
Abbas Abdulla:
- Həm vətəndaşıma, həm nə vaxtsa məni müalicə etmiş həkimimə, həm yazıçı dostuma, həm də hər ikimizi birləşdirən, rəhmətlik böyük yazıçı İlyas Əfəndiyevə yaxın bir insana baş çəkirdim."
("Həqiqətlər və faktlar" qəzeti,
14-21 avqust 1999.)
* * *
Kitabda İlyas Əfəndiyev haqqında "Əziz qardaşım İlyas" adlı ədəbi məktub nəşr olunmuşdur. Müəllif yazır: "Qarabağ torpağından boy atan əziz qardaşım, Sizin, demək olar ki, bütün əsərlərinizə Qarabağın ab-havası, ruhu, özünəməxsus təbiəti, bir sözlə, bütün gözəllikləri hopub. Sizin əsərlərinizdə Daşaltı çayının şırıltısı, Xarı bülbülün əfsanəvi gözəlliyi, İsa bulağının zümzüməsi, Qarabağ bülbüllərinin cəhcəhi yaşayır. Bunu yalnız yazıçı müşahidəsinin nəticəsi kimi izah etmək düz olmazdı. Bu, doğulduğunuz torpağa, onun can dərmanı olan ab-havasına, mənəvi dünyasına, bütün gözəlliklərinə sonsuz vurğunluğun nəticəsidir. Sizi yazıçı edib əlinizə qələm verən də bu torpaq, bu torpağın mənəvi dünyasıdır.
Sizin əqidəniz də məhz elə bu torpaqdan pöhrələnib.
Sizi durduğunuz indiki mərtəbəyə qaldıran o böyük əqidənizə və bu əqidədən od alan yanar ürəyinizə minnətdar olmalıyıq."
Bəxtiyar Vahabzadə
(Zaman və mən, Bakı, 1999, səh. 76.)
Səhifələr : 1 2 3 4 5 6 7 8